Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin və Mil-Muğan Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 12 avqust- Beynəlxalq Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.
Bayram tədbiri gənc marafonçuların və velosipedçilərin yürüşü ilə başlayıb. Şəhərin qərb girişindən start götürən yürüş iştirakçıları Heydər Əliyev parkında finiş ediblər. Parkda karateçilərin, güləşçilərin, tennis və şahmat ustalarının nümunəvi çıxışları nümayiş etdirilib. Gənclərin əl işləri, rəsm əsərləri və kitablarından ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub. Eyni zamanda gənc rəssamların yaradıcılıq prosesi yerində izlənilib. Ardınca könüllü gənclər tərəfindən park və ətraf ərazilərdə təmizlik aksiyası həyata keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında gəncləri təbrik edərək onların ölkəmizin gələcəyinin əsas dayağı olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan gəncliyi hər zaman dövlətimizin inkişafında fəal rol oynayıb və bu gün də ölkəmizin beynəlxalq uğurlarında mühüm paya sahibdir. RİH başçısı Əziz Əzizov bu günlərdə Qazaxıstan Respublikasının Şimkənd şəhərində keçirilən 1-ci Asiya çempionatında uğur qazanan gənc alpaqutçuları təbrik edərək onlara Fəxri Fərman təqdim edib.
Tədbir mədəniyyət müəssisələrinin musiqi kollektivinin təqdim etdiyi geniş konsert proqramı ilə davam edib.