ABŞ və Rusiya prezidentlərinin avqustun 15-dəki Alyaska görüşü şübhəsiz ki, yaxın bir neçə günün ən çox müzakirə ediləcək mövzusu olacaq. Nəticə nə olacaq, ümumiyyətlə danışıqların nəzərdə tutulduğu müddətdə normal atmosferdə keçə biləcəyi haqda da pessimist proqnozlar var.
İnanmaq çətindir, Rusiya mediası “Putinin aldadılaraq girov götürülə və ya həyatına risk ola biləcəyi” haqda versiyalar ortaya atıb. Ukrayna mediası isə süni intellektin köməyi ilə Kirill Budanovun Alyaskada Rusiya prezidentini “güllələdiyi” videonu yayıb. Ukraynalı jurnalistlər videonun özünü “Mükəmməl son” adlandırıblar. Ruslar Ukraynanın bu ssenariləri gerçəkləşdirə biləcəyini istisna etməyib. Yəni belə bir etibarsız dünyada yaşayırıq – hətta iki supergücün liderinin görüşü haqda belə etimadsızlıq mühiti yaradılır.
Əlbəttə, Rusiya elitasının narahatlığını anlamaq olar, çünki Putin ilk dəfədir ki, məhz Ukrayna probleminin həlli ilə bağlı danışıqlar üçün Rusiyanı tərk edir, üstəlik ABŞ-ın ərazisinə gedir. Bu faktın Putinə psixoloji təsiri haqda nəsə demək çətindir. Moskvadan Alyaskaya düz xətt üzrə məsafə 7021 km-dir, təyyarə ilə təxminən 9 saat 24 dəqiqəyə çatmaq olar. Amma unutmayaq ki, Rusiya və ABŞ-ı Berinq boğazından cəmi bir neçə kilometrlik dəniz sərhədi ayırır. Ona görə “doğma divarlar” amili Trampın işinə yaramaya da bilər. Amma bunlar yalnız çox çətin olacaq danışıqların xırda elementləridir.
Tramp deyib ki, razılaşmalar alınmazsa, bu, Putinlə son görüşü ola bilər. Görüşöncəsi güclü psixoloji həmlədir, çünki Putin demək olar ki, son 6 ayda Trampla anlaşmasa da, üst-üstə bir neçə saat danışıb, müzakirələr aparıb. Əksər Qərb liderlərinin müharibə başlayandan iqnor etdiyi Rusiya prezidentinə bu cür təmaslar nəticəsiz olsa da, çox vacibdir. Putin anlayır ki, fövqəladə hadisələr baş verməsə, Trampın hələ 3 il yarım prezidentlik müddəti qalır, ona görə ABŞ prezidenti və onun administrasiyası ilə kommunikasiyaları saxlamaq vacibdir.
Bu görüş ərəfəsi ərazi mübadiləsi haqda çox danışılır. Rusiya hələ də Donetskin 30 faizini ələ keçirə bilməyib. İddia olunur ki, Ukrayna ordusunun bu ərazilərdən çəkilməsi müqabilində Rusiya da Zaporojye və Xerson vilayətlərindən çəkilməlidir. Rusiyanın bu mübadiləyə razı olmayacağı haqda bir fakt yetərlidir. Rusiya Krıma quru yol əldə etdiyi Xersondan heç bir halda imtina etməz. Daha bir təklif Ukraynanın Donetskdən çıxmaq müqabilində Ukraynaya Xarkov, Sumı və Dnepropetrovskdan Rusiyanın qopardığı “üç kəsik” qaytarılır. Daha bir təklif cəbhənin Xerson və Zaporojye istiqamətində atəşkəsin tam dayandırılması barədədir...
Putin və Tramp kompromis əldə edə və Alyaskanı nəticədən razı tərk edə biləcəklərmi? Amma bundan da daha vacib sual var: Tramp sülh və ya atəşkəsin əldə edilməsi üçün Ukraynanı ərazi güzəştlərinə razı sala biləcəkmi?
..Bir gün meşədə canavar aslana şikayət edir ki, ayı onun evinə gedən yolun üstündə pusqu qurub, səhər-axşam onu döyür, bu azmış kimi balalarına topladığı qənimətləri də əlindən alır. Canavar deyir ki, indi son ümidi meşənin padşahının ədalətinədir. Aslan deyir ki, ayıya mütləq tapşıracaq və bu ədalətsizliyə son qoyulacaq. Bir gün sonra doğrudan da ayı canavara deyir ki, daha onu hər gün incitməyəcək, amma gərək dəftər-qələm götürüb hesabat aparsın ki, onu ay ərzində neçə dəfə incidib, nə qədər ovunu əlindən alınıb və sairə. Bir ay sonra canavar meşədə yenə aslanla rastlaşır. Aslan deyir ki, onu ayıya tapşırıb, indi vəziyyət necədir? Canavar deyir ki, dəyişən heç nə yoxdur, əvvəlki kimi ayı ayılığını edir, üstəlik yaxşılığa doğru heç nə dəyişməsə də, yazı-pozu işi də artıb...
Musavat.com