Qoca Şərq, qədim Asiya hər fürsətdə müasir Qərbdən, Avropadan fərqlənməkdə davam edir. Buradakı dövlətlərin bir xeylisi köhnə ənənələrə sadiqdir.
Bu günlərdə Tacikistan harada yerləşdiyini, nə biçim ölkə olduğunu dünyaya görk edib: prezidenti Emoməli Rəhmonun kiçik qızı Fərzona Emomali Səhiyyə Nazirliyində idarə rəisi təyin edilib.
Belə baxanda prezident qızı üçün bir nazirlikdə idarə rəisi olmaq böyük vəzifə sayılmaz. Ancaq qızın yaşı da böyük deyil. Fərzonənin 27 yaşı, bir övladı var və subaydır.
O, 5 il öncə Tacikistanda Tibb Universitetini bitirib, daha sonra ,2023-cü ildə Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
Təbii ki, Fərzonə Emoməli E.Rəhmonun qızı olmasaydı, uzağı, hansısa klinikada güc-bəlayla sıravi həkim vəzifəsinə düzələrdi. İndi isə onun qarşısında böyük perspektivlər var: 5 ilə qalmaz, səhiyyə naziri də olar.
Tacikistan prezidentinin doqquz övladından ən böyüyü Rüstəm Emomali 2017-ci ildə Düşənbə şəhərinin meri təyin edilib, 2020-ci ildən isə ölkə parlamentinin yuxarı palatasının sədridir. Yəqin ki, o vaxtı gələndə Tacikistan prezidenti olacaq. Emomali Rəhmonun qızı Ozoda Rəhmon isə 2016-cı ildən prezidentin icra aparatına rəhbərlik edir, həm də senatordur.
Keçmiş SSRİ-yə daxil olan Orta Asiya respublikalarında övladlarına yüksək dövlət vəzifəsi verən təkcə Rahmon deyil. 30 il boyunca Qazaxıstana rəhbərlik etmiş Nursultan Nazarbayev qızı Dariqa Nazarbayevanı əvvəlcə deputat seçdirmiş, sonra parlament sədrinin müavini seçilməsini məsləhət görmüş, ardınca baş nazirin müavini təyin etmiş, daha sonra Qazaxıstan parlamenti senatının sədri seçdirmişdi.
D.Nazarbayeva öz təhsili, səriştəsi, bacarığı ilə sanballı dövlət xadimi kimi yetişməkdəykən, heç də hər şey Nazarbayevin planlaşdırdığı kimi getmədi. Hamı Dariqa Nazarbayevin Nursultan Abışeviçi prezident postunda əvəz edəcəyini gözləyərkən, Elbaşı təxəllüslü lider istefa verərək, postunu Kasım-Jomart Tokayevə buraxdı. O, isə tezliklə hakimiyyət komandasını Nazarbayevin ailə üzvlərindən, qohumlarından və qatı tərəfdarlarından təmizlədi.
Övladına dövlət postu vermək işində Özbəkistanın sabiq prezidenti İslam Kərimov da qıraqda qalmamışdı. O, böyük qızı Gülnarə Kərimovanın əvvəlcə Özbəkistan Xarici İşlər Nazirliyində nazir müşaviri vəzifəsinə yerləşdirib. Daha sonra Gülnarə Özbəkistanın Rusiyadakı səfirliyinin müşaviri vəzifəsində çalışıb. BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Özbəkistanın Daimi Nümayəndəliyinin müşaviri də olub. 2008-ci ilin fevralında o, Özbəkistanın XİN başçısının mədəni və humanitar sahədə beynəlxalq əməkdaşlıq üzrə müavini təyin edilib. Cəmi 7 aydan sonra İ.Kərimov qızını Özbəkistan Respublikasının BMT və digər beynəlxalq təşkilatlar yanında Cenevrədəki daimi nümayəndəsi təyin edib. Daha sonra G.Kərimova ölkəsinin İspaniyadakı səfiri postuna təyinat alıb. Ancaq G.Kərimovanın karyerası elə İspaniyadaca bitib. Kərimovun öz yerinə hazırladığı qızı ilə münasibətləri son dərəcə pozulub və onu vəzifədən azad edib. Hazırda G.Kərimova həbsxanada cəza çəkir.
Özbəkistan prezidenti postunda İ.Kərimovu əvəz edən Şavkat Mirziyoyev öz böyük qızı Səidə Mirziyoyevaya etimad göstərib, onu prezidentin birinci köməkçisi, PA-da sektor müdiri vəzifəsinə təyin edib. Bu ildən S.Mrziyoyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəridir.
Türkmənistanın lideri Qurbanqulu Berdıməhəmmədov isə qonşu həmkarları arasında ən parlaq nəticələrə nail olan siyasətçidir. O, prezident postunu oğlu Sərdar Berdımühəmmədova verərək, parlament (Türkmənistan Xalq Məsləhəti) sədri vəzifəsi ilə kifayətlənib.
Hazırda S.Berdımühəmmədovun 43 yaşı var. O, az yaşı ilə uzun karyera pillələri qalxıb. Kənd Təsərrüfatı Universitetindən məzun olan Sərdar Türkmənistanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində işləyib, orada XİN-in Diplomatiya Akademiyasını bitirib.
2011-2013-cü illərdə S.Berdımühəmmədov Türkmənistanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyində müşavir postunda çalışıb. 2013-cü ildə İsveçrədən qayıtdıqdan sonra o Türkmənistan Xarici İşlər Nazirliyinin Avropa ölkələri üzrə departamentinin rəhbəri olub.
2013-cü ildə o, eyni zamanda ölkənin ən zəngin qurumlarından biri olan Karbohidrogen Ehtiyatlarının İdarə Edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin edilib.
Daha sonra o, parlamentin deputatı seçilib, XİN başçısının müavini təyin edilib. 2019-cu ildə Axal vilayəti qubernatorunun (hakim) müavini vəzifəsinə keçirilib. Sonra qubernator təyin edilib. 2020-ci ildə atası onu sənaye naziri vəzifəsinə irəli çəkib. Bir ildən sonra S.Berdımühəmmədov baş nazirin müavini təyin edilib, nəhayət, 2022-ci ildə ölkəsinin prezidenti seçilib.
Orta Asiya respublikaları içində yalnız Qırğızıstanın lideri Sadır Japarov öz övladlarına yüksək vəzifə verməyib. Bu isə iki səbəbdən ola bilər: 1. Japarovun övladları hələ çox gəncdirlər; 2. Qırğızıstan inqilablar, etirazlar ölkəsidir, orada belə tendensiyalar yaxşı qarşılanmır.
Belə təyinatlar Avropada da pis qarşılanır, Asiyada isə belə karyera yüksəlişləri normal sayılır. Amerika siyasətində də siyasətçi sülalələri (Kennedilər, Buşlar, Kilintonlar) olub və yenə olacaq.
Musavat.com