Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
1xeber.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən proses zərərçəkənlər və şahidlərin ifadələri ilə davam etdirilib.
Şahid Məxbilə Qurbanova əvvəllər mərkəzdə baş tibb bacısı vəzifəsində çalışdığını vurğulayaraq, hadisə baş verən gün orada olmadığını deyib:
"Gəldim gördüm ki, bütün mərtəbə su içindədir. Mən orada baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. 2021-ci ildə struktur dəyişikliyi oldu. Biz Hamlet müəllimin bölməsində işləyirdik. İlk olaraq bizdə 2 otaq var idi. Daha sonra 4 otaq etdilər. Xəstə artımı çox olduğu üçün otaq sayını artırıb 6 etmək fikirləri var idi. Əvvəllər 2 otaq olarkən rahat işləyə bilirdik. 4 otaq olduğu zaman küvəzlər bir birinə çox yaxın idi. Uşaq əlindən otağa girmək mümkün deyildi. Dəfələrlə Mehriban xanımın yanında bildirmişəm ki, iş yükümüz çoxdur. Mehriban xanım deyib ki, işi bacarmayan işdən çıxa bilər".
Şahid qismində dindirilən Fatimə Bağırova təqsirləndirilən şəxslərdən Mehriban xanımı tanıdığını deyib:
"Təqsirləndirilən şəxslərlə heç bir ədavətim yoxdur. Hadisə baş verən günün səhəri növbədəydik. Gəldim və bütün aparatları suyun içində, yanmış vəziyyətdə gördüm. Sonra məni və məndən başqa Mətanət və Günel xanımı "Yeni Klinika"ya ezam etdilər. Hadisəyə birbaşa canlı şahid olmamışam".
Növbəti proses avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsinin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi" PHŞ, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.