Ağ Evdə Tramp-Zelenski görüşündən sonra diqqətlər Rusiya tərəfindən işğal edilən Krıma yönəlib.
1xeber.media Qərb mediasına istinadən xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenskinin "Ərazi məsələsi, o cümlədən Krım Putinlə müzakirə edilməyə davam edəcək" deməsi yeni diplomatik müzakirələrə səbəb olub.
Ağ Evdə Zelenski ilə görüşdən bir qədər əvvəl danışan Tramp belə bir eyham edib: "O, Rusiya ilə müharibəni dərhal bitirə bilər, ya da döyüşə davam edə bilər”.
Tramp keçmiş prezident Barak Obamanın Krımı bir güllə belə atmadan Rusiyaya verdiyini və onun artıq geri qaytarıla bilməyəcəyini qeyd edib.
Zelenski isə Trampın dolayısı ilə "Krımdan imtina et” çağırışını açıq şəkildə rədd edib.
Ukrayna lideri "Ukraynalılar 2022-ci ildən sonra Kiyevdən, Odessadan, Xarkovdan əl çəkmədikləri kimi, Krımdan da heç vaxt imtina etməyəcəklər” deyə cavab verib.
O, "Biz illər əvvəl Krımdan imtina etmək məcburiyyətində qaldıq. Putin bundan yeni hücumlar üçün tramplin kimi istifadə etdi" - deyib.
Qeyd edək ki, Tramp Zelenski ilə görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə də əlaqə saxlayıb. Tramp üçtərəfli sammit üçün hazırlıqların başladığını, lakin yerinin hələ müəyyən edilmədiyini açıqlayıb.