Вернуться назад Распечатать

Şahin Mustafayev Moskvaya gedir?

Azərbaycan-Rusiya münasibətlərinin ən kəskin dövründə baş nazirin müavini qonşu ölkənin paytaxtında həmkarı ilə nələri müzakirə edəcək? - ilginc gəlişmə

Bu həftənin sonunda Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilməlidir. “Trend” bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.

“Yeni Müsavat” qeyd edir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevdir. Aleksey Overçuk xəbəri təsdiqləyib.

Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasits Bakı-Moskva gərginliyindən “Vestnik Kavkaza”a danışarkən deyib ki, Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının təşkili ikitərəfli böhranın yumşalmasından xəbər verir: “Azərbaycan iyunun sonunda Rusiya Federasiyası ilə ilkin olaraq siyasi əlaqələri dondurdu. İndi biz hökumətlərarası komissiyanın işinin bərpa olunduğunu görürük. Əgər görüş baş tutsa, xüsusilə Rusiyada bu, dialoqun davam etdiriləcəyinə və tərəflərin münasibətləri tamamilə pozmağa meylli olmadığına sübut olacaq”.

“Rusiya ilə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur, əksinə, dialoq qurmağa, yaranmış gərginliyi aradan qaldırmağa çalışmalıyıq”. Bunu Haqqin.az-a deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, Azərbaycan artıq Rusiyaya öz tələblərini təqdim edib və indi onların beynəlxalq hüquq normalarına uyğun yerinə yetirilməsini təmin etməlidir: “Vəziyyətin daha da gərginləşməsi ölkəmizin dövlət və milli maraqlarına cavab vermir. Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsində maraqlı olan qüvvələr var. Əgər ölkələrimiz arasında gərginlik qanlı qarşıdurmaya çevrilsə, onlar şad olardılar”.

Deputat ümid edib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu həftə Moskvada keçiriləcək 23-cü iclasında  Şahin Mustafayev  Aleksey Overçukla bir çox yığılmış məsələləri müzakirə edəcək.

"Azərbaycanın Rusiya ilə, eləcə də digər qonşularla iqtisadi əlaqələri davam edir və onların qopması müzakirə olunmur". Bu sözləri Haqqin.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Deputat əlavə edib ki, rəsmi Bakı və Moskva münasibətlərin pisləşməsi və ya dayandırılması ilə bağlı heç bir şərh və ya mövqe bildirməyiblər, ona görə də iki dövlətin rəsmi mövqeyinə riayət etmək düzgün olardı.

2025-ci ilin yanvar-iyun ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarına çatıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2% və ya 352,2 milyon dollar çoxdur. Rusiya Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,33%-ni təşkil edir.

Qeyd edək ki, 1996-cı ildə iqtisadi əlaqələrin inkişaf etdirilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Daimi Komissiya yaradılıb. Komissiya iki ölkə arasında iqtisadi əməkdaşlıq problemlərini öyrənir, həmçinin bu əlaqələrin inkişafı üçün zəruri olan layihələr və təkliflər hazırlayır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Overçuk təsdiqləsə də, Azərbaycan hökuməti Şahin Mustafayevin səfəri barədə rəsmi məlumat yaymayıb. Bununla belə, baş nazir müavininin Moskvaya gedəcəyini də istisna etməyən Ç.Qənizadə hesab edir ki, gərgin münasibətlərin yumşalması qarşı tərəfdən asılıdır: “Azərbaycanın heç bir parlament üzvü, yaxud partiya rəhbəri Moskvanı bombalamağa çağırış etməyib. Ancaq Rusiya Dumasının üzvləri, ayrı-ayrı jurnalistləri, partiya sədrləri Azərbaycanı terrorla, işğalla hədələyirlər. Ona görə də Overçuk və digər Rusiya rəsmiləri bu təhdid leksikonuna son qoyulması istiqamətində addımlar atmalıdır. Azərbaycanı özünə dost və müttəfiq sayan ölkə bu dildə danışırsa, o zaman ortada səmimilik yoxdur. Bu baxımdan, Şahin Mustafayev Moskvada bu məsələləri müzakirə edə bilər. Lakin regionda baş verən son hadisələr fonunda Rusiyanın Azərbaycana qarşı hərbə-zorba addımlarının səngiməsini gözləmirəm”.

Ç.Qənizadə Azərbaycan-Rusiya danışıqlarında əsas müzakirə predmetinin blokadada olan nəqliyyat xətlərinin açılması olacağını gözləyir: "Overçuk dedi ki, "Tramp yolu" Ermənistanın xeyrinədirsə, Rusiya bunu dəstəkləyə bilər. Amma bu mövqe süni idi və Moskva Zəngəzur dəhlizinə nəzarəti itirməsindən qəzəblidir. Amma razılaşma Vaşinqtonla İrəvan arasında olub, Rusiya bunun üçün bizi yox, Ermənistanı sıxışdırmalıdır. Çünki Bakıya fərq etmir ki, dəhliz hansı tərəfin nəzarəti altında açılır, bizə lazım olan Naxçıvana quru yolun maneəsiz təmin edilməsidir. Sadəcə, Rusiya bu prosesdə Azərbaycanın iştirakı olduğunu düşünür və bizə təzyiq göstərməyə çalışır. Rusiya çox istərdi ki, Azərbaycan Zəngəzur dəhlizini güc tətbiq edərək açmağa məcbur etsin, sonra Federal Təhlükəsizlik Xidməti bölgəyə yerləşib nəzarəti təmin etsin, bununla üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirildiyi deyilsin. Azərbaycan əsla bu varianta getməzdi. Odur ki, “yumşaq güc” diplomatiyamız Vaşinqtonda qələbə qazandı və konstruktiv anlaşma çərçivəsində koridorun “Tramp marşrutu” adı ilə açılmasına razılıq verildi. O səbəbdən, Overçukun iştirakı ilə keçiriləcək danışıqlarda nəqliyyat kommunikasiyalarının açılmasına dair Rusiyanın xeyrinə dəyişiklik gözləmirəm".

Siyasi ekspert Ramiyə Məmmədova Azərbaycanın şimal qonşusu ilə əlaqələrinin pozulmasında maraqlı olmadığını müşahidə edir. Onun sözlərinə görə, qarşı tərəfin cinayətləri bu münasibətlərə zərbə vurub: “Rusiya açıq şəkildə bizə hədə-qorxu gəlir. Azərbaycanın isə tələbləri dəfələrlə açıqlanıb və prezidentin ABŞ-də verdiyi müsahibədə bir daha dilə gətirilib. Bizim isə Kreml qarşısında hər hansı öhdəliyimiz yoxdur. Yəni Rusiya bizə hansı tələbi irəli sürür ki, yerinə yetirmirik? Amma bizim tələblərimiz var. Bu məsələdə ilk addımı Rusiya atmalıdır və gərginliyə son qoymalıdır”.

Ekspertin fikrincə, əgər Azərbaycanı itirmək istəmirsə, Cənubi Qafqazdakı layihələrdə iştirakı arzulayırsa, Türkiyə ilə münasibətlərə zərər vurmaq niyyəti yoxdursa, ağlını başına toplamalı və Bakı ilə bərabərhüquqlu qaydada dialoq qurmalıdır: “Sən oradan Ukraynadakı obyektlərimizi bombala, propoqanda komandası dilə dil uzatsın, terrorla hədələsin, buradan da Overçuk Şahin Mustafayevi gözləsin... Belə siyasət olmur. Rusiya, nəhayət, anlamalıdır ki, qonşuları ilə hansı tonda və necə danışmalıdır. Bu üslub isə həmişə qonşularının ondan uzaqlaşmasına və okeanın o tayında, yaxud Avropada nicat axtarmasına səbəb olacaq”.