Bu gün Azərbaycan, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru ,iş xanımı,"Milan" hospitalın rəhbəri Xuraman Muradovanın özəl günüdür.
Xanım şairə 60 yaşını qeyd edir.
1xeber.media rəhbərliyi və kollektivi adından hər zaman milli dəyərlərimizə,dövlətçiliyimizə rəğbət bəsləyən Xuraman Muradovanı təbrik edir,uzun,sağlam həyat arzulayır,yaradıcılğında isə daim zirvələri fəth etməyi diləyirik.
Xuraman Muradovanın ad gününə həsr etdiyi şeiri diqqətinizə çatdırırq:
Salam, 60 yaşım
Xuraman Muradova…
Salam, 60 yaşım! – Xoş gördük səni,
Nə yaxşı gəlmisən bu ömrümə sən.
Şükür ki, yaşatdı Yaradan məni,
Şükür bu günə ki, gördüm səni mən.
Hər çətin yolları birgə gəlmişik.
Sən özün şahidsən keçdim nələrdən.
Gəl dinlə, danışım uşaqlığımdan,
Acılı-şirinli xatirələrdən.
Uşaqlıq illərim – xoşbəxt bir əsər,
Gəncliyimsə sevgi, ayrılıq,kədər.
Kimə can dedimsə, kürəkdən vurdu,
Xəncəri sapladı qəlbimə qədər.
Yaxşılıq eylədim, xəyanət gördüm,
Bəzən düşündüm ki, yaxşılıq hədər.
Amma ruhumdakı o Allah sevgim,
Qoymadı qəlbimə toxunsun kədər.
Eyy mənim ömrümün şanı zirvəsi
Altmışım! – Xoş gəldin, səfa gətirdin.
Allahın ən gözəl xoş hədiyyəsi,
Ömrümə bir ömür vəfa gətirdin.
Gəl tutum əlindən çıxaq bu yola
Ömrümün ikinci baharı kimi.
Şükürlər olsun ki, yetişdin mənə
Ruhumun düz əhdi, ilqarı kimi.
Salam, 60 yaşım, xoş gördük səni,
Fəsillərin isti yayında gəldin.
Həm çiçəkli yazım,həm də sərt qışım
Ömrümün ikinci payında gəldin…
Öncə gözlərindən tanıdım səni,
Orda dərin izlər qoyubdu zaman.
Bir az yorğunluq var, bir az da qürur
Bir az da qəlbini oyubdu zaman…
Salam, 60 yaşım, otur, dincələk,
Gəl, söhbət eləyək, çay süzüm sənə.
Söylə kim incitdi, küsdürdü səni?
Kimi səssiz sevdin?gizlin de mənə.
Gözlərində izləri var illərin,
Hər xatirəm ömrümə yaraşıqdı.
Amma ruhum – uşaq kimi hələ də,
Sevinclə nur saçan gur bir işıqdı…
Oğlumun, qızımın sevincləri var,
Xeyirxah, gərəkli hər bir işində.
Demək ki, bu ömür tək mənim deyil,
Onların payı var xoş gəlişində…
Salam, 60 yaşım, əziz qonaq tək,
Evimə, qəlbimə xoş gəlmisən sən.
Ömrümün ikinci baharı kimi,
Ömrümdən ömrümə xoş gəlmisən sən
Xoş gəldin ay ömrüm, ay altmış yaşım!
Xoş gəldin ay könül, ürək sirdaşım!