Вернуться назад Распечатать

Xankəndi şəhərinin Baş planı təsdiqlənir

Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir.

Bu gün qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulmasıdır. Hazırda Xankəndidə “Zəfər parkı” salınır, “Zəfər muzeyi” bərpa olunur, inzibati binalar tikilir, yaşayış evləri bərpa edilir, yeni infrastruktur layihələr həyata keçirilir.  Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın  bərpası prioritet istiqamətlərdəndir. Burda investorlar üçün münbit şərait var.

Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq  subyektləri üzrə  2200-ə yaxın şəxs işlə təmin olunub. İlin sonunadək  digər obyektlər fəaliyyətə başladığında iş yerlərinini sayı 5 mini ötəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirlər bu gün Xankəndində səfərdə olan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri tərəfindən səslənib.

Qonaqlara əhalinin məskunlaşması barədə də məlumat verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli deyib ki,  Xocalı şəhəri və Ağdərə rayonuna ailələrin köçü təmin olunub. Bugünədək  Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb. İlin sonunadək isə  800 ailənin köçürülməsi planlaşdırılıb.  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini  Səbuhi Qəhrəmanov isə Xankəndinin gənclər şəhəri kimi formalaşacağından danışıb.

Qarabağ Universiteti bölgənin gənc kadrlarla  təmin edilməsi  və elm mərkəzinə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə Qarabağ Universitetinin   Maramureş vilayətindəki Texniki Universitetlə əməkdaşlığı da nəzəzrdən keçirilə bilər. İlk dəfədir ki, Xankəndiyə səfər etdiyini deyən Rumıniya Senatının Maramureş vilayətindən olan üzvü Kristian Auqustin Nikulesku Tsıqırlas isə Qarabağın gözəlliyindən, füsunkar təbiətindən, turizm və  sənaye potensialından, Xankəndi ilə Maramureş  vilayətininn əməkdaşlıq imkanlarından söz açıb.

Bura mədəniyyət və incəsənət sahəsində   folklor, musiqi, rəqs və teatr festivallarının qarşılıqlı təşkili, qardaşlıq münasibətlərini simvolizə edən “Mədəniyyət günləri”nin keçirilməsi,  turizm, iqtisadiyyat, təhsil, ictimai diplomatiya sahəsində  əməkdaşlıq da daxildir. Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri  Qüdsi Osmanov da regionlararası əməkdaşlıq, ölkələr üçün də vacibdir deyib.Xankəndidə olan qonaqlara milli atributları xatırladan müxtəlif hədiyyələr də təqdim olunub. Rumıniya parlamentinin üzvləri, Xankəndi şəhərində gedən bərpa- quruculuq işləri ilə də tanış olub, Qarabağ Universitetini ziyarət ediblər. Şuşa şəhərini də  gəziblər.