Yay fəslində açıq və rahat ayaqqabılara maraq artsa da, həkimlər yanlış seçimlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Xüsusilə şəkərli diabet xəstələrinin bu mövsümdə daha diqqətli olmaları vacib hesab olunur.
1xeber.media xəbər verir ki, ortopediya və travmatologiya üzrə mütəxəssis cərrah Serkan Akçay isti hava, tərləmə, düzgün ayaqqabı seçilməməsi və çılpaq gəzintinin diabetik ayaqlarda yaraların yaranmasını asanlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, yay aylarında göbələk və infeksiya riski artır və bu dövr şəkərli diabet xəstələri üçün daha həssas olur.
Ayaqların günəşdən qorunmasının əhəmiyyətinə toxunan Akçay bildirib: "Yayda günəş yanığı yaraların əmələ gəlməsinə səbəb ola bilər. Neyropatiya yaşayan xəstələr qum, asfalt və ya daş üzərindəki yanığı hiss etməyə bilərlər. Dərinin quruması və çatlamasının qarşısını almaq üçün kifayət qədər maye qəbul edilməlidir".
Akçay şəkərli diabet xəstələrinə gündəlik olaraq ayaqlarını diqqətlə yoxlamalarını tövsiyə edib:
* Yaralar, qızartı, su yığılması, çat və rəng dəyişikliklərinə nəzarət edilməlidir.
* Ayağın altını görmək üçün güzgüdən istifadə olunmalıdır.
* Ayaqlar ilıq su ilə yuyulmalı, barmaq araları diqqətlə qurudulmalıdır.
* Batıq dırnaq və ya kalluza özbaşına müdaxilə edilməməlidir.
* Çılpaq gəzməkdən çəkinmək, dəniz kənarı və ya hovuz ətrafında diabetik terlik və ya ayaqqabı geyinmək vacibdir.
* əfəs alan, tikişsiz və ortopedik ayaqqabılara üstünlük verilməlidir.
Yeni ayaqqabıların əvvəlcə evdə qısa müddət geyinilməsinin faydalı olduğunu bildirən həkim pambıqdan hazırlanmış, tikişsiz corabların seçilməsini və onların hər gün dəyişdirilməsini tövsiyə edib:
"Yeni yaranın, su yığılmasının, qızartının, şişkinliyin, istilik artımının, irinlənmə və pis qoxunun yaranması halında dərhal həkimə müraciət edilməlidir. Mütəmadi həkim müayinələri və qan şəkərinin izlənməsi həyati əhəmiyyət daşıyır".
Mütəxəssislər hesab edirlər ki, yayda sağlam ayaqlar üçün düzgün ayaqqabı seçimi xüsusi rol oynayır. Tövsiyələrə əməl etməklə ayaq sağlamlığını qorumaq və mövsümü rahat keçirmək mümkündür.