Son illər Azərbaycan çevik xarici siyasət yürüdərək müxtəlif beynəlxalq və regional
təşkilatlarda, o cümlədən MDB-də fəal iştirak edir. MDB postsovet məkanında çoxtərəfli
əməkdaşlıq üçün əsas platformalardan biri olaraq qalır. Bu təşkilat üzv ölkələr arasında
mədəni, iqtisadi, siyasi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol
oynamaqda davam edir. Prezident İlham Əliyevin Moskvaya səfəri və Vladimir Putinlə görüşü
geosiyasi kontekst çərçivəsində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmliyini təsdiq etməklə
yanaşı, həm də ölkəmizin MDB çərçivəsində mühüm regional aktor olduğunu nümayiş etdirir.
İki ölkə arasında münasibətlərin dinamik inkişaf xarakterini Prezident Putinin Azərbaycana
həyata keçirdiyi son dövlət səfəri də təsdiqlədi və bu, qarşılıqlı əlaqələrin yüksək səviyyədə
olduğunu göstərir. Bugünkü mürəkkəb beynəlxalq vəziyyət, xüsusilə də Qarabağ
münaqişəsindən sonrakı nizamlanma fonunda Azərbaycanla Rusiya arasındakı tərəfdaşlıq
ciddi əhəmiyyət daşıyır. Rusiya regionda sülh prosesində, o cümlədən sabitliyin
qorunmasında, yeni münaqişələrin qarşısının alınmasında diplomatik təşəbbüsləri ilə fəallıq
göstərir. Azərbaycan da öz növbəsində sülhməramlı proseslərdə, regional təşəbbüslərdə fəal
iştirak etməklə sülh və əməkdaşlıq arzusunu təsdiqləyir.
Humanist niyyət, sülh arzusu Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının
iclasındakı çıxışında bir daha özünü göstərdi. Dövlətimizin başçısının MDB-nin humanitar
əməkdaşlıq mexanizmi kimi əhəmiyyətini diqqətə çatdıraraq, Laçın şəhərinin 2025-ci ildə
MDB-nin mədəniyyət paytaxtı elan edilməsini ayrıca vurğulaması xüsusi əhəmiyyət kəsb edir.
Çünki Laçın uzunmüddətli erməni işğalından sonra sürətlə bərpa olunaraq, ölkəmizin
inkişafının təzahürü kimi təşkilat daxilində Azərbaycana rəğbəti daha da artırıb.
Azərbaycan MDB məkanının bir hissəsi olmaqla, müxtəlif geosiyasi maraqların
kəsişməsindədir. Bir tərəfdən, ölkə onun əsas strateji tərəfdaşı olan Rusiya ilə sıx əlaqələr
saxlayır. Digər tərəfdən, Azərbaycan Qərb ölkələri və Avropa İttifaqı, BMT kimi beynəlxalq
təşkilatlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır və beynəlxalq qaydaları rəhbər
tutaraq şəffaflığın tərəfdarıdır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Azərbaycan xarici
siyasətində balansı qorumağa nail olub ki, bu da ona beynəlxalq məsələlərdə fəal mövqe
tutmağa imkan verir.
Bu balansın mühüm aspektinin qarşıdan gələn ən böyük beynəlxalq tədbirlərdən biri –
Bakıda keçiriləcək COP29 tədbiridir. Belə nüfuzlu foruma ev sahibliyi etməyi Azərbaycanın
qlobal ekoloji təşəbbüslərə verdiyi töhfənin tanınması və beynəlxalq aləmdə nüfuzunun
təsdiqlənməsi kimi qiymətləndirilməlidir. Bu gün ölkəmizin yüksək inkişaf potensialı vardır və
yaxın gələcəkdə Azərbaycan MDB daxilində mövqelərini daha da möhkəmləndirəcəkdir. Birlik
dövlətlərinin ölkəmizlə sıx əlaqələrinin daha dərinləşməsi təşkilatın inkişafına töhfə verəcəkdir.
Xüsusilə Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər fonunda Rusiya
ilə sabit və konstruktiv münasibətlərin qorunub saxlanılması ölkə üçün mühüm amildir. Eyni
zamanda, dövlətimiz nəqliyyat, enerji və sair layihələri inkişaf etdirməklə MDB-nin digər
üzvləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə çalışır. Bütün bu mühüm amillər isə ölkəmizin
əhəmiyyətini daha da yüksəldir.
Eminağa Fərzəliyev,
Sabirabad rayon Əsədli kənd klubunun müdiri