Avropada bu yay rekord səviyyədə quraqlıqlar qeydə alınıb. Atlantik okeanından Qafqaza qədər uzanan geniş ərazilərdə ciddi su çatışmazlığı müşahidə olunur.
1xeber.media xəbər verir k, "Еuractiv"in məlumatına görə, avqustun ilk on günündə Avropa və Aralıq dənizi hövzəsinin 51,3 faizi quraqlıqdan təsirlənib. Bu, 2012-ci ildən bəri qeydiyyata alınan ən yüksək göstəricidir. Həmçinin 2025-ci ilin aprel ayının ortalarından etibarən Avropanın yarıya yaxın ərazisində davam edən quraqlıq, 2022-ci ilin isti yayından da ağır nəticələrə səbəb olub.
Quraqlıq səviyyəsi Avropa İttifaqının "Copernicus" iqlim dəyişmələri xidməti tərəfindən hazırlanmış müşahidə göstəriciləri əsasında müəyyən olunub. Yağıntı miqdarı, torpaq rütubəti və bitki örtüyünün vəziyyəti peyk görüntüləri vasitəsilə ölçülüb. Nəticələr üç kateqoriyaya bölünüb: müşahidə, xəbərdarlıq və həyəcan. "Həyəcan" səviyyəsi bitkilərin anormal inkişafını göstərir.
Avqustun əvvəlində Avropa və Aralıq dənizi hövzəsinin 7,8 faizi "həyəcan", 38,7 faizi "xəbərdarlıq", 4,9 faizi isə "müşahidə" səviyyəsində olub.
Ən ağır zərər Qafqaz və Şimali Balkan bölgələrində qeydə alınıb. Gürcüstan və Ermənistan (Cənubi Qafqaz) ərazilərinin 97 faizi quraqlıqdan zərər çəkib. Ardınca Bolqarıstan və Kosovo gəlir. Serbiya, Şimali Makedoniya, Albaniya, Macarıstan və Monteneqronun isə təxminən 75 faizi xəbərdarlıq və ya həyəcan vəziyyətindədir.
İyul və avqust aylarında bölgədəki istilik dalğaları çoxsaylı meşə yanğınlarına yol açıb. Bu ay İspaniya, Portuqaliya və İtaliya da güclü meşə yanğınlarından əziyyət çəkib.
Müsbət dəyişiklik yalnız Mərkəzi Avropada müşahidə olunub. Almaniya, İsveçrə, Avstriya və Çexiyada torpaq rütubəti və bitki örtüyünün vəziyyəti normallaşıb.