Şuşa Vətən müharibəsinin Qələbə simvolu idisə Xankəndi suverenlik simvolu
sayılırdı. Bu baxımdan işğal altında olan Xankəndinin düşmən tapdağından
təmizlənməsi zamanın tələbi idi. 15 oktyabr 2023-cü ildə Azərbaycan Cənab Prezident
İlham Əliyevin imzası ilə öz suverenliyinə qovuşdu. Bu qətiyyətin, bu gərgin əməyin və
xalq-iqtidar birliyinin tərənnümü idi.
Cənab Prezident çıxışında bir sıra məqamlara toxunmaqla yanaşı öz andına
sadiqliyi nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını
ucaldan zaman çıxışında bunları qeyd etmişdi: “Düz 20 il bundan əvvəl Azərbaycan
xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə
seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan
xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın
ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and
içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün
vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan
xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz,
əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə
borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki,
Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün
şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru
gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər
birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Bu gün artıq Xankəndidə tələbələrimiz təhsil alır. Burada həyat yenidən canlanır.
Dövlət başçısı bu müddət ərzində Xankəndiyə bir neçə dəfə səfər edib. Bir sıra
infrastruktur layihələrinin açılışında iştirak edib. Dövlət başçısı Qarabağ Universitetinin
müəllim və tələbə heyəti ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə beynəlxalq ictimayyətə
ismarıc göndərdi: “XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və
“Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan
dövlətimizin başçısı qeyd edib: “Çünki heç vaxt Qarabağ torpağında yaşamayan
ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya
köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və
erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa
çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti
də çaşdırmağa nail olublar”.
Höküm Qasımov,
Sabirabad Heydər Əliyev Mərkəzində kargüzar