Вернуться назад Распечатать

Kubandakı Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri həbs edilib

Kubandakı Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov saxlanılıb.

 1xeber.media xəbər verir ki, bu barədə “Kommersant”  məlumat yayıb.

Təqsirləndirilən şəxsin müdafiəçisi Aleksey Abramov məhkəmədən iş adamının artıq 60 yaşının olduğunu, daimi olaraq Krasnodarda yaşadığını, əvvəllər məhkum olunmadığını, SVO iştirakçılarına yardım göstərdiyini və “Vətəndaş igidliyinə görə” medalı ilə təltif edildiyini qeyd edərək, məhkəmədən onun barəsində həbs-qətimkan tədbirinin yumşaldılmasını xahiş edib.

Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsdir.

İstintaq hesab edir ki, cinayəti törətmək üçün Şahlar Novruzovun da olduğu cinayətkarlar Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsi təqdim ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarların onun əsasında aktivləri ələ keçirməyə cəhd etdikləri bu sənədin saxta olduğu üzə çıxıb.

Avqustun əvvəlində Sverdlovsk “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski Moskvada saxlanılıb. Azərbaycan diasporunun rəhbəri qətl və dövlət məmuruna qarşı zorakılıq faktları ilə bağlı cinayət işlərinə qarışıb.