Вернуться назад Распечатать

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü məsələsində tutacağı mövqe əvvəlcədən bəlli idi. Azərbaycan Prezidentinin Pakistan Baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqlədi. Son 5 ildə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra Hindistanın Azərbaycana münasibəti normal olmayıb. Hindistan Ermənistanı fəal şəkildə silahlandıran əsas ölkələrdən birinə çevrilib.

1xeber.media xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov Hindistanın Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünə mane olması barədə danışarkən bildirib.

Politoloq vurğulayıb ki, Hindistan Orta Dəhlizin aparıcı tərəfdaşlarından biri olsa da, Zəngəzur dəhlizinin açılması məsələsində konstruktiv mövqe sərgiləmir:

“Hindistan bölgədə gərginliyin saxlanılmasında maraqlıdır. Bu şəraitdə Ermənistana silah satmaqla həm öz iqtisadi maraqlarını təmin edir, həm də regionda mövqelərini gücləndirməyə çalışır. Lakin bu siyasət nə Azərbaycan, nə də Türkiyə qarşısında nəticə verəcək.

Hindistanın Azərbaycana münasibəti, ilk növbədə, Bakının Pakistanla yaxın əlaqələri və Kəşmir məsələsində İslamabadı açıq dəstəkləməsi ilə bağlıdır. Azərbaycan həmişə beynəlxalq hüququn tərəfində olub və Kəşmir məsələsində də BMT TŞ-nin qəbul etdiyi qətnamələrə əsaslanaraq Pakistanın mövqeyini müdafiə edir. Hindistan isə həmin qətnamələri pozaraq Kəşmirin böyük hissəsini işğal altında saxlayır. Buna görə də Hindistanın Azərbaycana bu münasibəti bizim üçün gözlənilməz deyil. Aydındır ki, Hindistan daha çox Azərbaycanın Pakistan və Türkiyə ilə olan yaxın münasibətlərindən narahatdır. Son Hindistan–Pakistan müharibəsində də Azərbaycan açıq şəkildə Pakistanın mövqeyini dəstəklədi və həmin hadisələr zamanı Hindistanın avantürası uğursuz oldu. Bu münasibətlərin uzunmüddətli perspektivdə hansı təsirləri ola biləcəyi məsələsinə gəldikdə, hesab edirəm ki, Azərbaycanla Hindistan arasındakı əlaqələr sırf ticari münasibətlərdir. Əlbəttə, biz Hindistanla da normal münasibətlərin tərəfdarıyıq. Lakin əgər Hindistan rəsmi şəkildə, həm də ekspertlərin və siyasətçilərin dili ilə Azərbaycanı “düşmən dövlət” kimi göstərməyə çalışırsa, bu artıq bizim problemimiz deyil. Biz də Hindistanın bu davranışlarına adekvat cavab addımları atırıq”.

Politoloq həmçinin Azərbaycanın ŞƏT-ə üzvlüyünün ölkəmiz üçün yeni imkanlar açacağını qeyd edib:

“Azərbaycan bu formata heç bir halda “Antiqərb bloku”nun üzvü kimi qatılmır. Bakı yalnız balanslı siyasət yürütməklə təşkilatın verdiyi üstünlüklərdən faydalanmaq niyyətindədir. Türk dövlətləri ilə yanaşı, Çin və digər tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənəcək. Orta Dəhlizin əsas hissəsinin Azərbaycandan keçməsi də bizim strateji rolumuzu daha da artırır. Azərbaycanın ŞƏT-də iştirakı regionda balansın qorunmasına, həm Qərb, həm də Şərqlə münasibətlərin inkişafına xidmət edəcək”.