2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə növbəti Zəfər səhifəsi yazıldı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə,
Xocavənddə Azərbaycan Bayrağını ucaltması böyük qürurumuz və xoşbəxtliyimizdir. Cənab
İlham Əliyev qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı Xankəndi şəhərində ucaltdıqdan sonra
xalqa müraciətində böyük əminliklə və qürur hissi ilə bildirdi: “Şadam ki, son 20 il ərzində
verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün
Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz
30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.
Cənab İlham Əliyev iyirmi bir il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda bu
vədi vermişdir ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə
qaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik. Bu illər ərzində
Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi,
dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır.
Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün
güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanları artdı,
dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. 1994-cü il 20 sentyabr tarixində Ümummilli
Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin
Azərbaycana qazandırdığı uğurlar göz qabağındadır. Ölkəmizin iqtisadi və siyasi mövqeyi
möhkəmlənir. İqtisadi tərəqqi bütün sahələrdə davamlı uğurlara yol açdı. Müstəqiliyimizin
qarantı olan Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun
artırılması istiqamətində mühüm addımlar atıldı. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan
Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu gün Azərbaycan Silahlı
Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Şanlı ordumuz bunu 44 günlük İkinci
Qarabağ müharibəsində yazdığı tarixi Zəfərlə, həmçinin ötən ilin sentyabrında həyata keçirdiyi
bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə sübut etdi.
Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində bu məqamı da
xüsusi qeyd etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır,
övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və
ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara
əbədi borcluyuq.
Həm dörd il bundan əvvəl, həm də ötən ilin sentyabr ayında keçirilmiş antiterror
əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq
göstərmişdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla
azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Qürurla bəhs etdiyimiz zəfərlərimizdən biri də 2020-ci il 17 oktyabr tarixində Füzuli
rayonunun işğaldan azad edilməsidir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin
Sərəncamına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib.
Bu baxımdan 17 oktyabr Füzuli Şəhəri Günüdür. Prezident İlham Əliyev Füzuli şəhərinə
köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Necə də gözəl bir
gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər
rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə
“Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər
günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür”
söyləyərək bu reallığı da diqqətə çatdırmışdır ki, bu gün həm Füzulidə, həm bütün başqa
şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin
yeni qaydalarını təsbit edir. Azərbaycanda iki dəfə, Ağdamda və Zəngilanda Milli Şəhərsalma
Forumu keçirilərək bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox
yüksək qiymətləndirirlər.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili
düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan
rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay,
Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386
kv.km-dir. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir
ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli
Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini,
Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının
üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli şəhəri və rayonun böyük
hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə
əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Bu mühüm məqamı da qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü
il tarixli əmri ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi hücumu nəticəsində Füzuli rayonun 22
yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli
kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan
azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi
işğaldan azad olundu.
Bu gün Füzuli sevincli günlərini yaşayır. Füzulilər mərhələ-mərhələ dogma yurd-
yuvalarına qayıdırlar. İcrası 2026-cı ilin sonunda başa çatacaq Böyük Qayıdış Proqramının
birinci mərhələsində 22 min insan Füzuli rayonunda yaşayacaq. Bütövlükdə isə Qarabağ və
Şərqi Zəngəzura 140 min sakin qovuşacaq. İşğaldan azad edilmiş ərazilərimizdə görülən
genişmiqyaslı bərpa-quruculuq işləri və onların fonunda soydaşlarımızın qayıdışı hər
birimizdə böyük qürur hissi yaradır. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir,
Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru