Tarixi Zəfərin, dövlət suverenliyinin bərpa edilməsinin qürurunu yaşayırıq. Azərbaycan
xalqının illərdir qəlbində gəzdirdiyi arzuları reallığa çevrildi. Dörd il öncə tariximizin Zəfər
səhifəsi yazıldı. Ötən ilin 15 oktyabr tarixində isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı və
Xankəndi şəhərindən xalqa müraciət etdi. Bu müraciət 30 illik işğal dövründən bu günədək
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində göstərdiyi
səylərin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatın uğurlarının təqdimatı oldu.
Dövlətimizin başçısı Xankəndidən Azərbaycan xalqına müraciətində bildirdi ki, iyirmi il bundan
əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda Azərbaycan Bayrağını
işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılmasını qarşıya bir
nömrəli vəzifə qoymuşdu. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik.
Ölkəmiz bu illər ərzində daha da gücləndi, iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi.
Beynəlxalq standartlara cavab verən ordu formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi
Azərbaycanın malik olduğu imkanların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq,
tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək illərin qətiyyətinin nəticəsi idi. Azərbaycan
Qarabağ probleminin həlli bağlı dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edirdi.
Bildirirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz.
Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində qeyd edib: “Azərbaycan xalqı
yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən
mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim
ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı”.
Vətən müharibəsi cəmi 44 gün çəkdi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı.
Son dörd ildə bu Zəfərin yaratdığı reallıqları yaşayırıq. Dövlət başçısı İlham Əliyev Zəfərimizi
əbədiləşdirmək üçün mühüm addımlar atır ki, bunlardan biri də işğaldan azad edilmiş
ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Oktyabrın 17-də Füzuli Şəhəri Gününü
qeyd edəcəyik. Dövlət başçısı İlham Əliyev torpaqlarımızın işğaldan azad etdikləri tarixi məhz
həmin ərazilərdə qeyd edir. Bu, harada yaşamasından asılı olmayaraq bütün dünya
azərbaycanlılarını qürurlandırır. Cənab İlham Əliyev ötən il bu tarixdə füzulilərlə məhz Füzuli
rayonunda görüşdü, bu günümüz və gələcəyimizlə bağlı çağırışlarını səsləndirdi.
İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəliş dövrünü yaşayır. Füzuli
tamamilə yenidən qurulur. Dövlət başçısı daim bu məqamı xatırladır ki, Füzuli azad olunanda
Bayrağımızı ucaltmaq üçün hərbi hissədən başqa bir salamat bina tapa bilmədik. Hərbi
hissənin həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə adamın ürəyi
ağrıyırdı. İnsan dəhşətə gəlirdi ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?!
Qeyd etdiyimiz kimi, Füzuli dirçəlir. Prezident İlham Əliyevin digər işğaldan azad
edilmiş ərazilərimiz kimi, Füzuli rayonuna da səfərləri mühüm sosial obyektlərin açılışı və
təməlqoyma mərasimləri ilə yadda qalır. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş
ərazilərimizə ilk səfəri məhz Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl
şəhərlərinə oldu.
Onu da qeyd edək ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox
çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb.
Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır.
Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur
obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün
lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən
qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər
nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək.
Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min
insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min
insan yaşayacaq. Hazırda 5 şəhər və 4 kənd sakinlərinə qovuşub. İlin sonuna qədər
şəhərlərin sayı 7-yə çatacaq. Belə ki, Xankəndi və Kəlbəcər şəhərləri ilin sonuna qədər
sakinlərini qarşılayacaq. Bərpa-quruculuq işlərində dost ölkələrin dəstəyi yüksək
qiymətləndirilir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü
ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin
təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir. Bu
torpaqlarda soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri ilər görülür. Dövlət başçısı İlham
Əliyev bu əminliyi ifadə edir ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq: “Çünki
birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub,
uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər
səbirsizliklə o günləri gözləyirlər”.
Son dörd ilin uğurları Böyük Qayıdış Proqramının tezliklə tam şəkildə başa çatacağına
böyük əminlik yaradır.
Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc