Ağ Evin son davranışları ABŞ-ın xarici siyasətin kəskin ziddiyyətləri qabardır, Donald Trampın Hindistan-Rusiya xəttində Çinə qarşı balans cəhdləri iflasa uğrayır... Bu baxımdan, Şərqin tədricən yüksəlişi, Qərbin isə bundan narahatlığı artıq yeni və geriyə dönməz bir prosesin başlandığından xəbər verir...
ABŞ və Qərb üçün yeni geopolitik sınaq Asiya qitəsində yaşanmağa başlayıb. Belə ki, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Qərb siyasi dairələrində kifayət qədər ciddi narahatlıq doğurub. Ona görə də, bu sammitin çərçivəsində çərçivəsində cərəyan edən bəzi proseslər həm ABŞ-ın, həm də Avropa Birliyinin sərt reaksiyalarına səbəb olub. Və bu, yaxın gələcəkdə Çinin liderlik edəcəyi qlobal qütbün Qərblə kəskin qarşıdurma mərhələsinə start verə biləcəyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, bütün bunlara Avropa İttifaqının narahatlığı daha qabarıq şəkildə biruzə verilib. Belə ki, Çində keçirilən son Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti Qərb paytaxtlarında ciddi reaksiyalar doğurub. Xüsusilə də, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu toplantını “rəqib qüvvələrin birləşdiyi görüş” kimi qiymətləndirərək, onu həm Qərbə, həm də mövcud beynəlxalq sistemə açıq "meydan oxuma" kimi xarakterizə edib.
Kaya Kallasın sözlərinə görə, bu sammitin əsas mesajı sadəcə, regional əməkdaşlıqdan ibarət deyil. Çünki bu, mövcud dünya nizamını dəyişdirməyə yönəlmiş strateji çağırış təsiri bağışlayır. Xüsusilə də Rusiya, İran və Şimali Koreya liderlərinin Çin rəhbəri Si Tsinpinin yanında yer alması ABŞ və Qərbin gözündə bu sammiti “anti-Qərb koalisiyası”na çevirib.
Məsələ ondadır ki, Avropa Birliyi bu gedişatı Qərblə qarşıdurmada təhlükəli proses olaraq, qəbul edir. Çünki artıq söhbət yalnız iqtisadi və ya enerji əməkdaşlığından deyil, həm də alternativ siyasi ortaqlıq modelinin təşviqindən gedir. Yəni, indi dünyanın siyasi mərkəzinin yenidən müəyyən olunma prosesinin başlandığına eyham vurulur. Və bu qlobal mərkəzin Avropadan Asiyaya daşınma ehtimalı kifayət qədər inandırıcı görüntülər almaqdadır.
Bütün bunlara paralel olaraq, ABŞ-ın prezidenti Donald Trampın açıqlamaları böyük maraq doğurur. Ağ Ev sahibi açıq şəkildə ABŞ və Qərbin “Hindistan və Rusiyanı Çinə uduzduğunu” etiraf edib. Eyni zamanda, prezident Donald Tramp bu etirafı ilə ABŞ və Qərbin Asiya qitəsinə yönəlik hərbi-siyasi planlarındakı strateji boşluqları da üzə çıxartmış oldu. Və mövcud situasiyanın kollektiv Qərbin qlobal maraqlarına zidd inkişaf etməkdə olduğu artıq inkaredilməz reallıqdır.
Maraqlıdır ki, Ağ Ev sahibi Donald Trampın fikrincə, ABŞ Çinlə qlobal rəqabətdə ən mühüm oyunçuları – Hindistan və Rusiyanı artıq itirib. Üstəlik bu, birmənalı şəkildə məhz Tramp administrasiyasının zəifliyi ilə bağlıdır. Böyük ehtimalla prezident Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı məyusluğunu dilə gətirməsi də elə bu proseslə bağlıdır. Halbuki, Ağ Ev sahibi öz məyusluğunun əsas səbəbini Rusiyanın sülhdən yayınması və Ukrayna savaşında hər həftə “yeddi min insanın həyatını itirdiyini” vurğulamaqla, ört-basdır etməyə də çalışır.
Təbii ki, bütün bunlar mövcud qlobal mənzərəni təxmin etməyə imkan verir. Hətta mövcud situasiyada belə, ABŞ və Avropa Birliyinin qlobal proseslərin inkişaf istiqamətlərinə yanaşmada ciddi mövqe fərqləri diqqətdən yayınmır. Yəni, ABŞ və Avropa Birliyi arasında kəskin ziddiyyətlərin mövcudluğu indi Qərbə qarşı birləşməyə başlamış yeni qlobal qütblə rəqabəti böyük riskə atmaqdadır. Və bu baxımdan, hazırda əsas problemin məhz kollektiv Qərbin daxilində olduğu qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Avropa Birliyi ŞƏT-i yeni “anti-Qərb blokunun institusionallaşması” kimi görür. Ona görə, Brüssel Avropanın təhlükəsizlik arxitekturasını yenidən nəzərdən keçirməyə üstünlük verir. Tramp administrasiyası isə Ağ Evin ənənəvi ortaq Qərb prioritetləri ilə bağlı prinsiplərdən geri çəkilməkdə davam edir. Ona görə də, Ağ Ev hazırda daha çox yalnız ABŞ-ın geopolitik itkilərini qabardır. Halbuki, bu, mövcud situasiyada Tramp administrasiyanın zəifliyinin dolayısı etirafı anlamı da daşıyır. Hər halda, Tramp adminstrasiyasının özünü alternativ “qlobal sülh layihəsi”nin daşıyıcısı kimi təqdim etməyə çalışmasının effektiv taktika olmadığı inkaredilməz reallıqdır.
Maraqlıdır ki, bütün bunlara paralel olaraq, kollektiv Qərbin daxili ziddiyyətlərlə məşğul olmasından istifadə edən yeni Şərq bloku - Çin, Rusiya, İran, Şimali Koreya və bu qrupun digər tərəfdaşları fərqli qlobal hədəfləri işlək vəziyyətə gətirməyə çalışırlar. Onlar indi ABŞ və Qərbin ittihamlarına cavab olaraq, özlərini “yeni dünya düzəninin memarları” kimi təqdim edirlər. Və ən əsası isə çoxqütblü dünya reallığının daha açıq şəkildə müdafiə olunmasının vacibliyini qabardırlar.
Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, ŞƏT sammiti və onun yaratdığı rezonans qətiyyən təsadüfi deyil. Belə ki, bu, onu göstərir ki, müasir dünyada qlobal güc balansı böyük sürətlə dəyişir. Qərb hələ də öz təhlükəsizlik doktrinasını indiyə qədər mövcud olan status-kvoya əsaslanaraq, qurmağa çalışır. Ancaq yeni Çin-Rusiya-İran-Şimali Koreya qütbünün artıq alternativ qlobal mərkəz olaraq, formalaşmaqda olduğu da inkaredilməz reallıqdır.
Digər tərəfdən, Tramp administrasiyasının davranışları isə ABŞ-ın xarici siyasət kursunda kəskin ziddiyyətlərin olduğnu göstərir. Xüsusilə də, prezident Donald Trampın Ukrayna savaşını dondurmaq və Hindistan-Rusiya xəttində Çinə qarşı balans yaratmaq üçün yeni bir oyun qurmaq cəhdləri hələlik effektiv deyil. Və bu baxımdan, Şərqin tədricən yüksəlişi, Qərbin isə bundan narahatlığı artıq yeni geriyə dönməz bir prosesin başlandığından xəbər verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu