Вернуться назад Распечатать

Rusiya Ukrayna hökumətinin binasını vurdu

Sentyabrın 7-nə keçən gecə Rusiya Ukrayna ərazisinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

1xeber.media xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ümumilikdə 818 hava hücum vasitəsi buraxılıb.

Onların 805-i “Şahid” tipli və digər dronlar, 9-u “İskander-K” qanadlı raketi, 4-ü isə “İskander-M/KN-23” ballistik raketi olub.

Hava Hücumundan Müdafiə Qüvvələri 747 PUA və 4 qanadlı raketi zərərsizləşdirib. Buna baxmayaraq, 9 raket və 56 pilotsuz aparat müxtəlif obyektlərə dəyib. Zərbələr 37 yaşayış məntəqəsini əhatə edib, daha 8 yerdə isə vurulan raket və dronların qalıqları düşüb.

Poltava vilayətində Kremençuq şəhərində Dnepr çayı üzərindəki körpü hədəfə alınıb və hazırda bağlanıb. Şəhərdə ardıcıl partlayışlar eşidilib. Zaporojyedə 16 çoxmənzilli bina, 12 fərdi ev, bir uşaq bağçası və bir sıra müəssisələr dağıntıya məruz qalıb. Vilayət hərbi administrasiyasının rəhbəri Fedor İvanov bildirib ki, bir qadın həlak olub, 17 nəfər yaralanıb.

Dnepr və Krivoy Roqda da pilotsuz aparat və raketlərlə hücum nəticəsində 4 nəfərin xəsarət aldığı açıqlanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, zərbələr nəticəsində infrastruktur, inzibati bina, müəssisə, yaşayış evləri, qarajlar və nəqliyyat vasitələri zərər görüb.

Ukrayna Hərbi Hava Qüvvələri hücumların hələ də davam etdiyini və ölkə üzərində bir neçə düşmən dronunun hərəkət etdiyini bildirib.

Ukraynanın baş naziri Yuliya Svırıdenko Rusiyanın Kiyevə hücumu nəticəsində Nazirlər Kabinetinin binasına ziyan dəydiyini bildirib.

"İlk dəfədir ki, hökumət binası, onun damı və yuxarı mərtəbələri düşmənin hücumu nəticəsində zədələnib. Xilasedicilər yanğını söndürür. Biz binaları bərpa edəcəyik, lakin zərəru geri qaytarmaq mümkün deyil...", - o deyib.

Sviridenko vurğulayıb ki, dünya məhvə sözlə reaksiya verməməli, hərəkətə keçməlidir. Xüsusilə, Rusiyaya qarşı - onun qazına və neftinə qarşı sanksiya təzyiqini artırmaq lazımdır.

"Və ən əsası, Ukraynanın silaha ehtiyacı var. Bu, terroru dayandıracaq və Rusiyanın hər gün ukraynalıları öldürməyə cəhd etməsinə mane olacaq", - baş nazir qeyd edib.