Вернуться назад Распечатать

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin - Xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə hər il dünyada 2 milyondan çox qadına döş xərçəngi diaqnozu qoyulur. Bu xəstəlik qadınlar arasında ən çox rast gəlinən onkoloji problem olaraq birinci yerdədir və getdikcə "cavanlaşır". Əgər əvvəllər əsasən 50 yaşdan yuxarı qadınlarda aşkarlanırdısa, indi 30 yaşlı gənc qadınlarda, hətta yeniyetmələrdə belə rast gəlinir.

1xeber.media Milli.az-a istinadən xəbər verir ki, açıqlama verən "SM-Klinika"nın onkoloq-mammoloqu Maqomed Sulimanov döş xərçənginin əsas əlamətlərini sadalayıb.

Həkimin sözlərinə görə, ən çox rast gəlinən simptom döşdə sərtlik və ya hər hansı bir düyünün yaranmasıdır. Bu cür dəyişiklik aşkar edilərsə, dərhal həkimə müraciət olunmalıdır. Qadınların çoxu belə halları əvvəl aşkarlanmış kistlərlə əlaqələndirərək əhəmiyyət vermir, amma bu, təhlükəli yanaşmadır.

Digər əlamət döşün formasında dəyişiklikdir. Xəstəlik nəticəsində döşlər arasında asimmetriya yaranır, biri digəri ilə müqayisədə daha böyük və ya kiçik görünə bilər. Həmçinin dəri dartılır, içəri çəkilir və ya əksinə, şişkinlik əmələ gəlir.

Xəstəliyin irəliləməsi ilə yanaşı, döşdə ödem, ağrılar, qoltuqaltı limfa düyünlərində sərtlik və düyünlər də əmələ gələ bilər. Bunlar bəzən ağrılı, bəzən isə ağrısız olur, amma sinir və damarların sıxılmasına səbəb ola bilər.

"Əgər sadalanan əlamətlərdən ən azı biri müşahidə olunursa, dərhal həkimə müraciət etmək lazımdır. Döş xərçəngində özbaşına müalicə yolverilməzdir. Sağlamlıq daimi nəzarət tələb edir və biganəliyi bağışlamır.", - onkoloq söyləyib.