Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 30-da xarici səfərini həyata keçirən təyyarə Azərbaycan hava məkanından istifadə edib.
Bakı və İrəvan arasında sülh prosesinin davam etdiyi bir vaxtda, qarşılıqlı hava məkanından istifadə məsələsi və bu kontekstdə təhlükəsizlik tədbirləri gündəmdədir. Hətta Paşinyandan sonra Ermənistan şirkətlərinə məxsus bir neçə mülki təyyarənin də Azərbaycan hava məkanında istifadə etməyə başladığı bildirilir. Məlumata görə, AZAL hələ 2021-ci ildən Naxçıvana uçuşlarıErmənistan üzərində həyata keçirib, lakin digər təfərə məxsus şirkətlər ölkəmizin hava məkanından istifadəyə cəsarət etməyib.
Rəsmi Bakı Ermənistan təyyarələri ilə bağlı xüsusi təhlükəsizlik tədbirləri həyata keçirirmi? Həmçinin AZAL-a məxsus təyyarələr bu ölkənin üzərindən keçərkən analoji tədbirlər görülürmü?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, bu sahədə beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən müəyyən olunmuş qaydalar mövcuddur:
“Sözügedən qaydalara əsasən, beynəlxalq hava məkanında təyyarələrə kənar müdaxilə həmin dövlətlər üçün ciddi məsuliyyət yaradır. Bu baxımdan, hava məkanının təhlükəsizliyi maksimum səviyyədə təmin olunmalı, bütün zəruri tədbirlər görülməlidir.
Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişə səbəbindən tərəflərin təyyarələri bir-birinin hava məkanından keçmirdi. Lakin münaqişənin arxada qalması bu imkanların genişlənməsinə şərait yaradıb. Nəticə olaraq Paşinyanın təyyarəsinin Azərbaycan səmasından keçməsi təəccüblü deyil və xüsusi tədbirlərin görülməsi zəruri sayılmır”.
S.Zahidovun fikrincə, hər hansı üçüncü tərəf təyyarənin uçuş xəttinə müdaxilə etməyə cəhd göstərərsə, bu, radar sistemləri vasitəsilə dərhal aşkar ediləcək və məsuliyyət həmin dövlətin üzərinə düşəcək:
“Separatizmin və terrorizmin dəstəklənməsi halları beynəlxalq təcrübədə mövcuddur. Bu kimi halların qarşısını almaq üçün hər bir dövlət öz təhlükəsizlik mexanizmini gücləndirməlidir. Təyyarəyə qarşı səmada təxribat həyata keçirmək hərbi baxımdan çətin və böyük resurs tələb edən məsələdir, ona görə də hansı ölkənin belə addım atdığı dərhal bilinir. Amma təxribatlar yalnız hava hücumu formasında olmur. Müxtəlif üsullar mövcuddur və bu baxımdan Azərbaycan tam hazırlıqlıdır.
Ermənistan da bu istiqamətdə ciddi addımlar atmalıdır. Vaşinqtonda keçirilən son görüşlərin nəticələrindən narazı qalan güclər, xüsusilə regionda maraqları olan bəzi dövlətlər sülh prosesinə mane olmaq məqsədilə təxribatlara əl ata bilərlər. Bu ehtimal nəzərə alınmalı və hər iki tərəf mümkün risklərə qarşı hazırlıqlı olmalıdır”.