Вернуться назад Распечатать

Məktəbli gül buketləri bazarı qızışdırdı

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Sentyabrın 15-i yaxınlaşdıqca valideynlərin qayğıları artır. Məktəbli forması, çanta, dəftər-qələm, ayaqqabı və saysız-hesabsız xırdalıqlar... və nəhayət, ənənəyə çevrilmiş bir məsələ – birinci siniflərin məktəbə gül aparması.On illərdir davam edən bu adətə görə, şagirdlər müəllimlərinə ilk gün gül dəstəsi təqdim edirlər. Amma indi çantadan da bahalıya başa gələn buketlər valideynlərin cibini yandırır.

1xeebr.media xəbər verir ki,Müsavat.com-un əməkdaşı Bakının bir neçə gül mağazasında və bazarlarında müşahidə aparıb. Gül salonlarının qarşısında artıq hərəkətlilik hiss olunur. Satıcıların dediyinə görə, ilk zəng günü yaxınlaşdıqca gecəyarısına qədər işləmək məcburiyyətində qalacaqlar.

Ən ucuz buket 20–30 manata başa gəlir. Bu buketlərdə bir qızılgül, bir neçə rəngli papatya və sadə bükmə kağızı istifadə olunur. Satıcıların sözlərinə görə, imkanları məhdud ailələr əsasən belə dəstələri seçirlər.

Bir qədər zəngin görünən orta buketlər 50–60 manat arasında dəyişir. Bu buketlərin tərkibində 5–10 ədəd qızılgül, müxtəlif dekorativ çiçəklər və nisbətən keyfiyyətli bükmə kağızları olur.

Müxtəlif gül salonlarında satıcılarla söhbət zamanı maraqlı detallara rast gəlinir. Satıcı Ayaz bəy deyir:

“Ən çox çəhrayı qızılgüllərdən sifariş verirlər. Onların ədədi 5–7 manat arasında dəyişir. Əksəriyyəti xaricdən gətirilir, ona görə də bir qədər dözümlü olur, tez solmur. Əlavə çiçəklərlə bəzəyəndə qiymət yüksəlir. Orta gəlirli ailələr 50–60 manatlıq buket sifariş edir, amma elə müştərilərimiz də var ki, 100–120 manatlıq dəst bağlatdırır”.

Başqa bir satıcı isə əlavə edir: “İnanın, çox zəngin valideynlər olur, 150 manatlıq buket də bağlatdırırlar. Müəlliməyə hörmət, bir az da nümayiş üçündür. Amma çoxu buna gücü çatmır, hamı öz imkanına uyğun seçim edir”.

Gül mağazasında rastlaşdığımız bir valideyn – iki övladını məktəbə hazırlaşdıran Səbinə xanım isə narazılığını gizlətmir:“Bir çantanın içinə dəftər-qələm yığmaq 150–200 manat edir. İki uşağa geyim də alıram, üstəlik indi də gül buketi... Məncə, bu ənənəni dəyişmək lazımdır. Çiçək bir gün sonra zibil qutusuna atılır. Elə həmin pulu sinif üçün lazım olan kitab və ya təmizləyici vasitələrə xərcləsək, daha faydalı olar”.

Buna baxmayaraq, gül satanlar da, valideynlər də etiraf edirlər ki, birinci zəng günü uşaq üçün unudulmazdır. Əlində gül buketi ilə məktəb qapısından içəri girən balaca şagirdlərin sevinci həm ailələr, həm də müəllimlər üçün özünəməxsus simvolik məna daşıyır.

Amma bu simvolik ənənənin qiyməti ildən-ilə artır. Bu il məktəbli hazırlığına onsuz da yüzlərlə manat xərcləyən ailələrin çiyninə əlavə 20–100 manatlıq gül yükü də düşür.