Sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin görüşü barədə yeni detallar açıqlanıb.
1xeber.media məlumatına görə, Qriqoryanın ofisi “Azadlıq” radiosuna cavabında bildirib ki, görüş ötən həftə iki ölkənin mərkəzi hökumət strukturlarının iştirakı ilə sərhədyanı bölgədə baş tutub.
Görüşdə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutub
Məlumata görə, iclas Sünik vilayətinin (Zəngəzur) və Zəngilan rayonunun cənub hissələrində təşkil olunub. Tərəflərin nümayəndə heyətlərinə məhz sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlərinə cavabdeh komissiyaların üzvləri daxil edilib. Burada müdafiə nazirlikləri, milli təhlükəsizlik qurumları, xarici işlər və ərazi idarəetmə orqanlarının rəsmiləri iştirak ediblər.
Görüşün gedişatı və nəticələri barədə geniş açıqlama verilməsə də, Qriqoryanın ofisi yalnız bunun “işçi müzakirələrin davamı” olduğunu bildirib. Hələlik növbəti görüşün harada və nə vaxt keçiriləcəyi barədə dəqiq məlumat yoxdur, bu məsələ gündəlikdədir.
Qeyd edək ki, görüşdə bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.