Вернуться назад Распечатать

Paşinyan yenə Rusiyaya gedir

İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir...

“Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. 

Erməni spiker bildirib ki, Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Simonyan həmçinin qeyd edib ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmdə deyil.

Xatırladaq ki, Ermənistan və Rusiya liderləri sonuncu dəfə az öncə Çində bir araya gəlmişdilər. Həmin görüş zamanı Paşinyan Ermənistan və Rusiyanı “qardaş ölkələr” adlandırmışdı. Bu da siyasi müşahidəçilər tərəfindən ciddi müzakirə mövzusu olmuşdu. 

Baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətləri düzəltmək istəyir, yoxsa əslində Rusiya ilə guya soyuqluq olduğu qəsdən yaradılan süni görüntüdür? Ermənistan yenə də Rusiyanın diktəsi altında hərəkət edir ki, Paşinyan-Putin görüşləri intensivləşir?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin kifayət qədər soyuq olduğu heç kimə sirr deyil: “Çində görüş zamanı Ermənistan və Rusiyanı Nikol Paşinyanın qardaş ölkə olaraq adlandırması bu soyuqluğu qətiyyən azaltmadı və azalda bilməz. Vaşinqtonda imzalanmış mühüm sənədlərdən sonra Rusiyanın narahat olduğu və ciddi şəkildə narazı qaldığı da heç kimə sir deyil. Təbiidir ki, Nikol Paşinyan da bu narazılığı mümkün qədər isti bəyanatlarla azaltmağa çalışır. Çünki Ermənistan Rusiyadan asılıdır. İqtisadi cəhətdən çox asılıdır. Rusiyanın Ermənistana təsir imkanları çox böyükdür. Ən əsası qarşıdan gələn parlament seçkilərində Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün göstərdiyi cəhdlər də göz qabağındadır. Paşinyan anlayır ki, parlament seçkilərində Rusiya ona kifayət qədər problemlər yaradacaq və artıq yaratmaqdadır. Bu səbəbdən təzyiqləri azaltmağın yollarını axtarır, isti bəyanatlarla, görüşlərlə, Rusiyanı dost-qardaş adlandırmaqla biraz münasibətləri yumşaltmağa çalışır. Ancaq onu da başa düşür ki, xoş sözlərlə zəngin bəyanatlarla Moskvanı inandırmaq qeyir-mümkündür”.

Siyasi şərhçi vurğuladı ki, əgər Paşinyan hakimiyyətdə qalarsa bundan sonra Ermənistanın Rusiyanın diktəsi altında fəaliyyət göstərməsi mümkün deyil: “Ancaq çox təəssüf ki, Rusiya meylli qüvvələrin də hakimiyyətə gəlmək təhlükəsi var. Və Rusiyanın kilsə ilə sahibkarları birləşdirib yeni bir siyasi qüvvəni ortaya çıxarmaq cəhdi təbii ki, Nikol Paşinyan üçün çox təhlükəlidir. Baş nazir bu təhlükəni başa düşdüyündən Vladimir Putinlə dalbadal görüşlər keçirir. Daha doğrusu, Putin Paşinyanla görüşməyə razılıq verir. Çünki Paşinyan həmişə Putinlə görüşmək istəyib, onunla müzakirələr aparmağa çalışıb, lakin yaxşı məlumdur ki, Rusiya prezidenti bu cür görüşlərdən çox vaxt imtina edib, hətta telefon zənglərinə cavab verməyib. Ancaq Rusiyanın Azərbaycanla münasibətlərində müəyyən soyuqlq yarandığı üçün artıq Paşinyan Putinin tez-tez görüşdüyü bir dövlət liderinə çevrilib. Əslində isə həm Rusiya, həm də Ermənistan yaxşı başa düşür ki, nə qədər ki Paşinyan hakimiyyətdədir Ermənistanın Rusiya ilə münasibəti Putinin arzu etdiyi kimi olmayacaq”.

A.Səmədov hesab edir ki, nə qədər tez-tez görüşsələr də, nə qədər bir-birinə qardaş desələr də Vladimr Putin mümkün olsa parlament seçkilərinə qədər, mümkün olmasa parlament seçkiləri zamanı Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq fikrindədir: “Bu, ciddi təhlükədir və bu təhlükəni Paşinyan və ona dəstək qüvvələr çox yaxşı anlayırlar. Anlayırlar və bu təhlükələri azaltmaq üçün ümid edək ki, ciddi tədbirlər planlaşdırıblar. Çünki Ermənistanın hakimiyyətinin Rusiyadan uzaqlaşmaq xəttindən imtina etməsi bütövlükdə Cənubi Qafqaz bölgəsinin Rusiyanın təsir dairəsindən çıxmasına imkan verməyəcək. O səbəbdən Ermənistana hər cür dəstək göstərilməli və parlament seçkilərində Nikol Paşinyanın qalib gəlməsi üçün zəruri olan bütün addımlar atılmalıdır. Bu baxımdan Amerikanın Ermənistana 145 milyon dollar vəsait ayrıması müsbət addımdır. Söhbət Zəngəzur dəhlizinin işə salınması istiqamətində atılan ilk addımdan gedir. Bundan sonra da həm Ermənistana, həm Azərbaycana daha ciddi yardımlar göstərilməlidir ki, Gürcüstan təcrübəsi təkrar olunmasın. Bölgə uğrunda çox ciddi mübarizə gedir və bölgənin Rusiyanın nəhayət təsir dairəsindən çıxması üçün çox əlverişli bir şərait yaranıb. Ümid edək ki, bu şəraitdən Qərb düzgün istifadə edə biləcək”.  

“Yeni Müsavat”