Вернуться назад Распечатать

Baş Prokurorluğun nümayəndəsi beynəlxalq iclasda iştirak edib

Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə həmin təşkilatın Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

1xeber.media xəbər verir ki,11-13 sentyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində UNODC-nin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar görüşü baş tutub. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlib. 

İclasın əsas məqsədi Şəbəkəyə üzv dövlətlərin müsbət təcrübəsinin yayılması, əməkdaşlığın daha səmərəli aparılması üçün görülməli tədbirlərin, çətinlik doğuran məsələlərin, həmçinin Şəbəkə çərçivəsində köməklik göstərilmiş işlər üzrə fəaliyyətin və statistik göstəricilərin müzakirəsi olub. 

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Fuad Hüseynov müvafiq sessiyada çıxış edərək, Baş Prokurorluğun cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində tətbiq etdiyi yeni üsul və yanaşmaların, rəqəmsallaşma ilə bağlı ölkəmizin cinayət-prosessual qanunvericiliyində edilmiş dəyişikliklərin, həmçinin “Elektron Prokurorluq” İnformasiya Sistemindən istifadənin qeyd olunan sahədə səmərəliliyin artırılmasına verdiyi töhvə barədə məlumat verib.

Həmçinin, görüşdə mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlıq məsələlərində təcrübə mübadiləsi aparılmaqla, müxtəlif ölkələrin ekstradisiya və hüquqi yardım sahəsində mərkəzi orqanlarının qabaqcıl təcrübələri müzakirə edilib.