Uqandanın Dövlət prokurorluğunun direktoru Odumbi Ceyms Over Azərbaycana səfərə gəlib.
Bu barədə 1xeber.media Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyev sentyabrın 20-də Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycanla Uqanda arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə, o cümlədən hüquqi əməkdaşlıqla bağlı möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətləri xüsusilə vurğulanıb.
Azərbaycanın "ASAN xidmət" modelinin Uqandada uğurla tətbiqindən söz açan Kamran Əliyev Qoşulmama Hərəkatı (QH) çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu vurğulayıb.
Bundan başqa, Baş prokuror Prezident İlham Əliyevin sədrliyi və təşəbbüskarlığı ilə Azərbaycanın QH-nin son sədri kimi Uqanda ilə Hərəkatın prinsiplərinin təşviqində sıx əməkdaşlıq etdiyini qeyd edib, eləcə də hazırda Uqandanın QH-ın sədri olduğu dövrdə də bu əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Odumbi Ceyms Over təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
Sonda Azərbaycan və Uqanda Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb.
Qonaqlar həmçinin Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.