Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalov və onun tanışı Anar Süleymanova hücum etməkdə təqsirləndirilən kikboks üzrə idmançılar - Elçin Hüseynov, Musa Əhmədov, Elnur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1xeber.media Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı məhkəmə istintaqının təzələnməsi barədə vəsatət verib.
Bildirib ki, işdə olan hadisə yerində çəkilmiş video ilə tanış olmaq istəyib. Qeyd edib ki, həmin video görüntülərlə bağlı sualları olacaq.
Qeyd edək ki, bundan əvvəlki iclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
Məhkəmə istintaqının tamamlanmasına tərəflər etiraz etməyiblər. Hakimlər heyəti dövlət ittihamçısının vəsatətini təmin edib.
Daha sonra hadisənin görüntüləri nümayiş etdirilib. Suallar zamanı aydın olub ki, hadisə yerinə birinci gələn Elnur Həmidov olub. Daha sonra Musa Əhmədov və Elçin Hüseynov gəlib.
Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən Elnur Həmidov deyib ki, onun əlində beşbarmaq olmayıb: "Mənim əlimdə təsbeh olub. Allah and olsun ki, silah qismində əşya olmayıb. Əlim həmin vaxt əzilmiş olub. Orada Fuada birinci mən vurmuşam. Əgər zərbə ağır olsaydı, ona xəsarət yetirərdim. Anarı da vurmuşam, xəsarət yüngül olub. Anar müəllim mənə müqavimət göstərib, ona görə ona hücum etmişəm. Anar özü mənə zərbə atıb. Əgər ağır xəsarət olsaydı, Anar müəllim xəstəxanada yatardı, xəstəxana sənədləri olardı. Mənim nailiyyətlərim olub. İki dəfə dünya çempionu olmuşam. Bir səhvdir, etmişik. Aramızda söyüş olub, hadisə də buna görə baş verib. İndi barışmışıq, aramızda problem yoxdur".
Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxslər söhbət etməyə yox, dava etməyə gediblər: "Aralarında söhbət olmayıb. Maşından düşən zaman vurublar. Özü də beşbarmaqla vurublar".
Elnur Həmidov qeyd edib ki, hadisə söyüş üstündə baş verib: "Həmin vaxt əsəbi olmuşam, vurmuşam. Sonra əsəbim soyudu. Etdiyim əmələ görə cəza almışam".
Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq çıxış etmək üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 6-da davam edəcək.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.
İttihama görə, idmançılar - Elçin Hüseynov, Musa Əhmədov və Elnur Həmidov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər.
Məlum olub ki, onlar bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
İstintaq orqanı tərəfindən Elnur Həmidova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə, Musa Əhmədova 221.3-cü maddəsi ilə, Elçin Hüseynova isə 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə xuliqanlıq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu cinayət işində adı keçən Ramal Aslanov, Elvin Məmmədov və digər şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılıb.