Вернуться назад Распечатать

Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatdı

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

1xeber.media xəbər verir ki,sentyabrın 22-də Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi həyata keçirilib. Uzun illər məcburi köçkün həyatı yaşayan ailələr doğma yurdlarına qayıdaraq yeni evlərə köçürülüblər.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Həsənriz kəndinə 29 ailədən ibarət 115 nəfər köçürülüb. Kənddə ailələrin qarşılanma mərasimi keçirilib. Daha sonra sakinlərə yenidən bərpa edilən mənzillərin açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev  tərəfindən təqdim olunub. M. Əfəndiyev çıxışında sakinləri ata-baba torpaqlarında salamlayaraq, bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Kəndlərdə müasir infrastruktur qurulur, yollar, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. O, qeyd edib ki, Həsənriz kəndinə bundan əvvəl də köç həyata keçirilib. Belə ki, əvvəlki mərhələlərdə kəndə 556 nəfərdən ibarət 159 ailə köçürülüb. Kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yenidən qurulub, kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib., məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.