Ombudsmanın təşəbbüsü ilə Şəki şəhərində “İnformasiya əldə etmək hüququnun təmini” mövzusunda tədbir keçirilib
1xeber.media xəbər verir ki,bu il Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən 28 sentyabr tarixinin Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan etməsinin 10 illiyi qeyd edilir.
Bu gün ərəfəsində və “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “İnformasiya əldə etmək hüququnun təmini” mövzusunda təşkil olunan silsilə tədbirlərin davamı kimi 23 sentyabr tarixində Şəki “ASAN Xidmət” Mərkəzində növbəti maarifləndirmə tədbiri keçirilib.
İnformasiya əldə etmək hüququnun təmini və təbliği istiqamətində təşkil olunmuş bu tədbirdə vətəndaşlar, Şəki “ASAN Xidmət” Mərkəzinin əməkdaşları və Şəki şəhərində fəaliyyət göstərən informasiya sahibləri olan müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Şəki “ASAN Xidmət” Mərkəzinin direktoru Bəhruz Nəsibov və Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarına Müvəkkilin fəaliyyətinə dair ətraflı məlumat veriblər. Daha sonra şöbənin digər əməkdaşları təqdimatlarla Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri, informasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, Ombudsmanın protokol tərtib etmək səlahiyyəti, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Qeyd edilənlərlə yanaşı, “İnformasiya əldə etmək hüququnun təmini” adlı videoçarx nümayiş etdirilib və informasiya əldə etmək hüququ ilə bağlı maarifləndirici çap vəsaitlərinin təqdimatı keçirilərək həmin vəsaitlər hər kəs üçün əlçatan olan yerlərdə yerləşdirilməsi üçün Şəki “ASAN Xidmət” Mərkəzinə təqdim edilib.
Tədbirin sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.