Вернуться назад Распечатать

Avtobusda gedişhaqqı ilə bağlı yenilik

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin avtobuslarda gedişhaqqı ilə bağlı son açıqlaması vətəndaşların diqqətini çəkib. Onun sözlərinə görə, ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq.

Sitat: “Hazırda sərnişin bir avtobusdan digərinə keçid zamanı əlavə olaraq 50 qəpik ödəməyə məcbur qalır ki, bu da əlavə xərclərə səbəb olur. Hədəfimiz bir saat ərzində aktiv olacaq bilet sistemini tətbiq etməkdir. İlkin mərhələdə planımız budur”.

Bu sistemdə konkret olaraq necə tətbiq ediləcək?

1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, müddətli ödəniş sistemi insanların ictimai nəqliyyatdan daha aktiv istifadə etməsi üçün nəzərdə tutulub:

“Bu model artıq bir çox ölkələrdə tətbiq olunur və kifayət qədər səmərəlidir. Məsələn, metroda ödəniş etdikdən sonra qısa müddətdə başqa bir işini görüb geri dönürsən və müəyyən edilən müddət tamam olmayıbsa, təkrar digər ictimai nəqliyyat vasitələrində bundan yararlanırsan. Yəni təkrar minərkən əlavə ödəniş tələb olunmur. Bu, “differensial ödəniş” adlanan yanaşma çərçivəsində həyata keçirilir”

Ekspert bildirib ki, əsas məqsəd texniki nasazlıqlar və ya avtobus çatışmazlığı ilə bağlı deyil:

“Söhbət bəzi şəxslərin ictimai nəqliyyatdan istifadə etməmək üçün irəli sürdüyü bəhanələrin aradan qaldırılmasından gedir. Məsələn, əvvəllər birbaşa marşrutla 20-ci sahədən Əmircan qəsəbəsinə gedən avtobus mövcud idisə, indi bu marşrut başqa formada təşkil olunur. Artıq bir avtobus sizi müəyyən bir nəqliyyat qovşağına qədər aparır, oradan isə digər avtobuslar və ya metro xəttindən istifadə etməli olursunuz. Bəzi sərnişinlər bu dəyişikliyə etiraz edirlər: tutaq ki, əvvəllər birbaşa 28 May metrosuna gedən avtobuslar indi yalnız Koroğluda dayanır və vətəndaşlar əlavə nəqliyyat vasitəsi dəyişməli olurlar. Yeni sistem də artıq gedişhaqqının qarşısını almaq üçündür. Əmircanda avtobusa minən şəxs Koroğluda düşüb digər nəqliyyat vasitəsinə keçid etdikdə yenidən ödəniş etməyəcək”.

E.Muradlı qeyd edib ki, bu sistem xüsusilə Bakı kəndlərindən gələn ailələr üçün əhəmiyyətlidir:

“Təsəvvür edin, bir ailədə 4 nəfər var və onlar bir avtobus üçün 60 qəpik, metroya keçid zamanı isə əlavə 50 qəpik ödəniş etməli olurlar. Nəticədə ümumi xərclər 4-5 manata yaxınlaşır. Belə olduğu halda, onlar düşünürlər ki, pul yığıb maşın almaq və ya taksidən istifadə etmək daha sərfəlidir. Yekunda yollarda avtomobillərin sayı artır, tıxac yaranır. Lakin yeni sistem tətbiq olunarsa, vətəndaş bir ödənişlə ünvana daha rahat və ucuz şəkildə çata bilər”.