Вернуться назад Распечатать

Ermənistan hərbi xərclərini AZALDIR

 

Ermənistan hökuməti bugünkü iclasda “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib.

1xeber.media Ermənistan KİV-nə istinadən xəbər verir ki, maliyyə naziri Vahe Hovhannisyanın bildirdiyinə görə, büdcə layihəsi hökumətin proqram prioritetlərinə uyğundur və sosial, təhsil, səhiyyə, iqtisadiyyat və infrastruktur sektorlarında mühüm təşəbbüsləri ehtiva edir.

Layihəyə əsasən, Ermənistanın müdafiə xərcləri 2025-ci ilə nisbətən 2026-cı ildə demək olar ki, 16% azalacaq.

Hökumətin rəsmi saytında dərc olunan sənəddə bildirilir ki, 2026-cı ildə müdafiə ehtiyaclarına, o cümlədən Silahlı Qüvvələrin döyüş hazırlığının saxlanılması və dövlət sərhədinin xarici təhdidlərdən mühafizəsinin təmin edilməsinə 560 milyard 98 milyon dram vəsaitin ayrılması planlaşdırılır.

Büdcə layihəsinə əsasən, Müdafiə Nazirliyinə 563 milyard 127 milyon dram ayrılacaq.

Müqayisə üçün qeyd edək ki, Ermənistanın müdafiə xərcləri 2025-ci ildə 20% artırılaraq 664 milyard drama çatıb.

Xatırladaq ki, avqustun 21-də baş nazir Nikol Paşinyan da bəyan etmişdi ki, 2026-cı ildə müdafiə xərclərində ciddi artım gözlənilmir.

"2026-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulmayacaq və ümumiyyətlə, bu, məntiqlidir. Əlbəttə, biz vəziyyəti operativ təhlil etməyə davam edəcəyik", - baş nazir qeyd edib.