Вернуться назад Распечатать

Prokurorluğun 107-ci ildönümünə həsr olunmuş interaktiv istintaq kvesti keçirilib

Sentyabrın 26-da Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə interaktiv istintaq kvesti təşkil olunub.

1xeber.media xəbər verir ki,tədbirin keçirilməsində əsas məqsəd prokurorluq orqanlarının istintaq fəaliyyətinin xüsusiyyətlərini tələbə gənclərə interaktiv və maarifləndirici formatda təqdim etmək, onların nəzəri biliklərini praktiki situasiyalarda tətbiq etməsinə imkan yaratmaq və istintaq prosesi ilə yaxından tanış olmalarını təmin etmək olub.

Kvestdə tərəfdaş ali təhsil müəssisələrini təmsil edən tələbə və kursantlardan ibarət 6 komanda – Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “ADA” Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.

Komandalar xüsusi proqramlaşdırılmış virtual platforma üzərindən cinayət işinin müxtəlif mərhələlərinə aid istintaq hərəkətlərini – hadisə yerinə baxış, şahidlərin dindirilməsi, ekspertizaların təyin edilməsi və sorğuların göndərilməsi üzrə tapşırıqları icra ediblər.

Maraqlı və gərgin intellektual mübarizə şəraitində keçən tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb. Prokurorluq orqanlarının maarifləndirici fəaliyyətinin və tələbələrin hüquqi biliklərinin təkmilləşdirilməsinə yönəlmiş innovativ təşəbbüslərin bariz nümunəsi olan kvestin nəticələrinə əsasən, Milli Aviasiya Akademiyasının komandası birinci yerə layiq görülüb. İkinci yeri Bakı Dövlət Universitetinin, üçüncü yeri isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandaları qazanıblar.

Sonda komandaların üzvlərinə sertifikatlar təqdim olunub, xatirə fotoşəkilləri çəkdirilib.