İsrailin baş naziri Binyamin Netanyahu Qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman Əl-Tanidən İsrail ordusunun (IDF) Dohaya Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyini hədəf alan zərbəsinə görə üzr istəyib.
1xeber.media xəbər verir ki, bu barədə N12 telekanalı mənbələrə istinadən məlumat yayıb.
"ABŞ prezidenti Donald Trampla görüşü zamanı Netanyahu Qətərin baş naziri Əl-Tani ilə telefonla danışıb və İsrail ordusunun HƏMAS-ın yüksək rütbəli rəsmilərini hədəf alan Dohaya hücumuna görə üzr istəyib. O, hücumda Qətər təhlükəsizlik zabitinin itkisindən təəssüfləndiyini bildirib və ölkənin suverenliyini pozduğuna görə üzr istəyib", - deyə telekanal məlumat yayıb.
Həmçinin bildirilir ki, “təzminat” da müzakirə oluna bilər. Mənbələrə görə, üzr istəmənin özü “əhəmiyyətli addımdır”, çünki bu, Qətərin İsrail və HƏMAS arasında danışıqlarda vasitəçi rolunu bərpa etmək şərti idi.
Sentyabrın 9-da İDF döyüş təyyarələri Qətərin paytaxtı Dohada Həmas üzvlərinin yerləşdiyi yaşayış binasına hücum edib. İsrail hakimiyyəti zərbələrə görə bütün məsuliyyəti öz üzərinə götürüb və əməliyyatı “Odlu yüksəkliklər” adlandırıb.