Kənd Təsərrüfatı Nazirliyi "Kənd Təsərrüfatında Süni İntellekt" layihəsinə start verib.
1xeber.media xəbər verir ki, bunu nazirliyin aqrar sahədə süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.
O qeyd edib ki, 2024-cü ilin sonuna qədər fermerlərdən və sahibkarlardan, özəl sektorun digər iştirakçılarından böyük həcmdə məlumat toplanılıb: "Bu məlumatlar əsasında layihə beynəlxalq tərəfdaşlar və məsləhətçilərlə birgə həyata keçirilir. Layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyi, digər hökumət qurumları və fermerlər üçün məlumat əsasında qərar qəbul etməyə dəstək olmaqdır".
S.Novruzov vurğulayıb ki, kənd təsərrüfatında əsas problemləri əhatə edən 30-dan çox istifadə halı müəyyən edilib: "Bu hallar su, torpaq, xəstəliklər, zərərvericilər və monitorinq kimi sahələri əhatə edir. Eyni zamanda, ölkə üzrə fermer qutusu qiymətləndirmə prosesi artıq başlayıb və istifadə halları real proseslərə inteqrasiya olunur".