Вернуться назад Распечатать

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

1xeber.media  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri və xarici qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın mədəni potensialını, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. O bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib ki, kitab sərgiləri cəmiyyətin mədəni həyatında mühüm hadisədir. Onun sözlərinə görə, belə tədbirlər təkcə yeni kitabların təqdimatı deyil, həm də oxu mədəniyyətinin inkişafına, mütaliə vərdişlərinin güclənməsinə, elmi və ədəbi fikir mübadiləsinə geniş imkanlar yaradır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva diqqətə çatdırıb ki, bu kimi beynəlxalq sərgilər yalnız mədəniyyətin deyil, həm də maarifləndirmənin, xüsusən hüquqi biliklərin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. 

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında kitab sənayesinin inkişafının dövlətimizin diqqət mərkəzində olduğunu deyib. Bildirilib ki, müasir dünyanın aktual çağırışlarına uyğun olaraq builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilib. Oktyabrın 7-dək davam edəcək sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. Sərgi çərçivəsində kitabsevərlər maraqlı tədbir və təqdimatlar, imza mərasimlərində iştirak edə bilərlər.
Fərid Cəfərov Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi adından sərginin iştirakçılarına uğurlar arzulayıb.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev və Azərbaycan Nəşriyyatları Assosiasiyasının rəhbəri Şəmil Sadiq də çıxışlarında sərginin əhəmiyyətini vurğulayıblar.

Sonra tədbir iştirakçıları sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətinin, Türkiyə, Gürcüstan, Rusiya və başqa ölkələrin stendləri ilə tanış olublar.

Qeyd edək ki, sərgidə 23 ölkədən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir. İspaniya, Küveyt və İndoneziya Bakı sərgisinə ilk dəfə qatılır.

Sərgi çərçivəsində təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında ümumilikdə 220-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur. 

Sərginin fəxri yazarları tanınmış şair Rüstəm Behrudi və şair-esseist, tərcüməçi Qismət Rüstəmovdur. 

Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı 10:00-dan 20:00.

Sərgiyə giriş ödənişsizdir.