Вернуться назад Распечатать

Ombudsman XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib.

1xeber.media xəbər verir ki,Ombudsman çıxışı zamanı sərgi iştirakçılarını regionun ən böyük kitab bayramı münasibətilə təbrik edib, onlara öz xoş və səmimi arzularını bildirib.
Builki sərginin “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu qeyd edən Müvəkkil bu kimi beynəlxalq sərgilərin yalnız mədəniyyətin deyil, həm də maarifləndirmənin, xüsusən də hüquqi biliklərin genişləndirilməsi baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.
S.Əliyeva Ombudsman təsisatının fəaliyyətə başladığı dövrdən müxtəlif dillərdə hüquqi maarifləndirməyə həsr olunmuş kitablar, lifletlər, bukletlərin hazırlanaraq nəşr edildiyini, ümumilikdə 279 adda vəsaitin çap edilərək geniş oxucu auditoriyasına təqdim olunduğunu diqqətə çatdırıb.
Açılış mərasimindən sonra Ombudsman sərgidə nümayiş olunan kitablarla və poliqrafiya məhsulları ilə tanış olub, həmçinin Ombudsman təsisatının nəşrlərinin sərgiləndiyi stendin önündə çoxsaylı ziyarətçilərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, builki sərgidə Ombudsman təsisatının Azərbaycan, rus, ingilis, Ukrayna və fransız dillərində 279 adda nəşri sərgilənir. Nümayiş olunan nəşrlər arasında uşaqların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların, miqrantların hüquqlarının müdafiəsi, məişət zorakılığının qarşısının alınması, informasiya əldə etmək hüququ və digər aktual mövzulara dair hazırlanmış vəsaitlər yer alır. Cari ildə çap olunmuş nəşrlər arasında görmə qabiliyyəti tam məhdud şəxslər üçün hazırlanmış “İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm”, hərbi qulluqçular üçün nəzərdə tutulmuş “10 sual – 10 cavab”, eləcə də Azərbaycan və ingilis dillərində bərabərlik hüququnun təşviqinə xidmət edən “Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsaitlər xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, sərgi iştirakçılarının diqqətinə Ombudsman tərəfindən aparılmış faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan hesabatlar da təqdim olunur. Bu hesabatlarda 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntuları, Azərbaycan torpaqlarının uzunmüddətli işğalı zamanı baş vermiş ağır cinayətlər, o cümlədən nifrət zəminində törədilmiş əməllər ətraflı şəkildə öz əksini tapıb.
Təsisatın hüquqi maarifləndirmə məqsədilə çap olunmuş nəşrləri bir sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına, milli kitabxanalarına, beynəlxalq insan hüquqları təşkilatlarına, ali məktəblərin, eyni zamanda, bir sıra dövlət qurumlarının və müəssisələrinin kitabxanalarına, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə də göndərilib.