Вернуться назад Распечатать

Komitə sədri: İqlim dəyişmələri sunami olan hansısa ölkədə deyil, hər kəsin evinin içindədir

İqlim dəyişmələri sunami olan hansısa ölkədə deyil, hər kəsin evinin içindədir.

1xeber.media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəllər bu istiqamətdə məsələ ictimaiyyətin diqqətinə o qədər də çatdırılmırdı:

"Qadınların da bu məsələdən o qədər məlumatı yox idi. Lakin iqlimin zərərlərindən ən çox əziyyət çəkən də onlardır. Bu prosesi, onun nəticələrini aradan qaldırmaq bir az çətindir. Buna ailədən, məişətdən, övlad tərbiyəsindən başlayaraq mübarizə apara bilərik".

B.Muradova qeyd edib ki, iqlim dəyişmələri adi su, enerji sərfiyyatı, qida məsələləri, onların qənaətlə işlənməsindən keçir:

"Biz əgər öz evimizdən başlamasaq, ətraf mühiti və dünyanı qorumağa necə gücümüz çatacaq? Qadınlar bu prosesin tam ortasındadır. Onları nə qədər irəliyə aparsaq, o qədər də çox yer tutacaqlar".