Вернуться назад Распечатать

Azərbaycanda distant təhsil modeli niyə tətbiq edilmir? — AÇIQLAMA

"Təhlil göstərir ki, distant təhsil XXI əsrin əsas təhsil modellərindən birinə çevrilməkdədir və inkişaf etmiş ölkələrin ali məktəblərində artıq ənənəvi formatla bərabərhüquqlu bir seçimdir. Azərbaycanda isə distant təhsil pandemiya dövründə qısa müddətlik tətbiq olunsa da, davamlı sistem halına gəlməyib. Bunun səbəbləri çoxşaxəlidir və həm hüquqi, həm texniki, həm də pedaqoji boşluqlardan irəli gəlir".

1xeber.media xəbər verir ki,bunu Demokrat.az-a təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, normativ-hüquqi baza tam aydın deyil:

"Azərbaycan Respublikasının Təhsil Qanununun 13-cü maddəsində təhsilin formaları sırasında distant təhsil də qeyd olunur, lakin bu formanın həyata keçirilmə mexanizmləri, qiymətləndirmə sistemi, diplomların hüquqi statusu dəqiq tənzimlənməyib. Bu isə universitetlərin məsuliyyəti tam üzərinə götürməkdən çəkinməsinə səbəb olur. Digər tərəfdən, “Ali təhsil haqqında” qanun layihəsində distant proqramların hüquqi statusu ilə bağlı hələ də boşluqlar qalır.

Statistika göstərir ki, Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, tələbələrin təxminən 30 faizinin sabit və keyfiyyətli internetə çıxışı yoxdur, regionlarda bu rəqəm daha da yüksəkdir. Belə şəraitdə distant təhsil sosial bərabərlik prinsipini tam təmin edə bilmir. Bu, eyni zamanda Təhsil Qanununun 5-ci maddəsində əks olunan “təhsilalma imkanlarının bərabərliyi” prinsipinə ziddir. Pandemiya zamanı aparılan monitorinqlər göstərdi ki, distant dərslərin yalnız 42 faizi interaktiv olub, qalanları isə sadəcə mühazirə formasında keçirilib. Bu isə distant təhsilin keyfiyyət problemini bir daha üzə çıxardı".

Ekspertin sözlərinə görə, müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi distant təhsil sahəsində ilk addımları atmaqda maraqlıdır:

"Nazirliyin təşəbbüsü ilə “Rəqəmsal Məktəb” layihəsi həyata keçirilir, bəzi universitetlərdə onlayn platformaların tətbiqi başlanıb. Bu, innovativ yanaşma kimi təqdir olunmalıdır, çünki distant təhsil təhsilalanların çevikliyini artırır, təhsilə çıxışı asanlaşdırır və zaman baxımından səmərəlilik gətirir. 

Əlavə olaraq, əlilliyi olan şəxslərin və ya regionlarda yaşayan gənclərin təhsil imkanlarının genişlənməsi distant təhsilin sosial faydaları sırasında xüsusi vurğulanmalıdır.

Mənfi tərəflər də az deyil. Universitetlərin əksəriyyətində distant təhsil üçün nəzərdə tutulmuş infrastruktur zəifdir, müəllimlərin pedaqoji hazırlığı isə kifayət qədər deyil. Ənənəvi dərs formatının sadəcə ekrana daşınması təhsil keyfiyyətini artırmır, əksinə tələbələrin motivasiyasını azaldır. 

Digər tərəfdən, qiymətləndirmə mexanizmləri və akademik dürüstlük məsələləri distant təhsildə daha çətin tənzimlənir".

Ekspert bildirib ki, Azərbaycanda distant təhsilin real tətbiqi üçün dəyişikliklər qaçılmazdır:

"Birincisi, qanunvericilikdə distant proqramların hüquqi statusu aydın şəkildə müəyyənləşdirilməlidir. İkincisi, universitetlər üçün vahid milli rəqəmsal platforma yaradılmalı, regionlarda internetə çıxış imkanları genişləndirilməlidir. 

Üçüncüsü, müəllimlər onlayn pedaqogika üzrə xüsusi təlimlərdən keçməli və qiymətləndirmə mexanizmləri beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Bu dəyişikliklər həyata keçirilərsə, distant təhsil ölkəmizdə ali məktəblərin əsas təhsil formalarından birinə çevrilə bilər".