Prezident İlham Əliyevin sentyabrın 30-da imzaladığı sərəncamla, general-mayor ali hərbi rütbəsi verilən Anar İsmayılovla bağlı yeni detallar məlum olub.
1xeber.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin keçmiş rəisi, istefada olan polis polkovniki Rahib Qarayev sosial şəbəkə səhifəsində A.İsmayılovla bağlı xatirələrini bölüşüb.
Onun sözlərinə görə, Anar İsmayılovun atası, keçmiş polis əməkdaşı Müslüm İsmayılovla bir yerdə işləyib:
“Laçın rayonunun Sadınlar kəndindən olan Müslüm kişi uzun illər boyu daxili işlər orqanlarında çalışmış, hazırda isə təqaüdçü həyatı yaşayan həmyerlimdir.
Tale elə gətirdi ki, mən daxili işlər orqanlarında xidmətə Müslüm İsmayılovun çalışdığı qurumda (keçmiş partiya və sovet orqanlarını mühafizə edən Milis şöbəsi) başladım. Çiynində illərlə qazanılmış təcrübə olan Müslüm İsmayılov rəisimizin müvafiq əmri ilə mənə hami tərbiyəçi təyin olundu. Bir il müddətində ondan çox şey öyrəndim. Onun dəyərli tövsiyyələri həyatımın sonrakı mərhələlərində də yoluma işıq saldı, bu çətin yolda inamla addımlayaraq "polkovnik" rütbəsinə qədər yüksələ bildim
Xidmət yollarımız ayrılsa da, qazandığım uğurlarda mühüm rolu olmuş Müslüm kişini heç vaxt unutmadım. Hətta sevimli nəvəsinin (Anarın oğlunun) toy şənliyində də yanında oldum... Anar isə, belə demək mümkünsə, gözlərimin önündə böyüdü. Orta məktəbi bitirib ali təhsil aldı, çox mühüm bir dövlət qurumunda işə qəbul olundu, Baş idarə rəisi vəzifəsinədək yüksəldi. İki gün əvvəl isə... hörmətli Prezidentimizdən hamımızı sevindirən bir sərəncam...
Təbrik üçün zəng etdim. Telefonu məşğul idi. Az sonra özü zəng etdi:
-Bağışlayın, Rahib əmi, rəhbərliklə danışırdım.
General rütbəsinə layiq görülməsi münasibətilə təbrik etdim. İlk sözü bu oldu ki, mən iş yerində generalam, sizin üçün Anaram!”.