Вернуться назад Распечатать

Fotoqraf: İncəsənət və texnologiyaların sintezi dünyanın gələcəyini formalaşdırır - MÜSAHİBƏ

Süni intellekt fotoqrafiya dünyasını köklü şəkildə dəyişir, yeni imkanlar açır, eyni zamanda ənənəvi yaradıcılıq üçün müəyyən risklər də yaradır. Hesab edirəm ki, süni intellekt vasitəsilə görüntüləri daha sürətli və rahat yaratmaq mümkün olacaq, lakin bu zaman fotoqraf və model arasında canlı ünsiyyət, göz təması və insanın özünəməxsus bədii baxışı itir. Texnoloji dəyişikliklərə baxmayaraq, əminəm ki, sənədli, janr və portret fotoqrafiyası öz əhəmiyyətini qoruyub saxlayacaq, fotoqraf sənəti isə yeni alətlərə uyğunlaşaraq hər kadrda şəxsi baxışı və emosional dərinliyi qoruyacaq.

Bunu 1xeber.media a-müsahibəsində Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Davamlı gələcək: Planet üçün incəsənət və innovasiyalar” sərgisinin münsiflər heyətinin üzvü, fotoqraf və influenser Orxan Aslanov bildirib.

– Sərgi ilə bağlı təəssüratlarınız necədir? Özünüz üçün artıq hansısa işləri seçmisinizmi?

– Bakıda gözəl hava hökm sürür. Bu, rəmzidir. Çünki biz təbiəti və ekologiyanı sevirik. Bugünkü tədbiri “rəssamlıq və texnologiyaların sintezi” adlandırardım. Bir tərəfdə gənclərin layihələri, gələcəkdə dünyanı köklü dəyişə biləcək innovativ ideyalar təqdim olunur. Mən bu gənc müəllifləri ayaqüstü alqışlayıram, onları görmək və dinləmək inanılmaz dərəcədə önəmlidir. Digər tərəfdən isə incəsənət, rəssamlıq var. Bu, xəyalpərəstlərin, səyahətçilərin dünyasıdır və bu da çox gözəldir. Biz artıq münsiflər heyəti ilə üç işi seçmişik və onların hamısı mükafatlandırılacaq. Ümumilikdə tədbir həm gözəl, həm də çox uğurlu alınıb. Təşkilatçılara və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürümü bildirirəm.

– Sizcə, gənclər bu cür incəsənət və texnologiya sintezində hansı yeni addımları təklif edə bilərlər?

– İncəsənət həmişə yaşamalıdır. Düşünürəm ki, texnologiyalar öz missiyasını yerinə yetirdikdə, yəni dünyanı daha təmiz və təhlükəsiz etdikdə, incəsənət daha harmonik görünəcək. O zaman rəssamlıq bu mənzərəni gözəl şəkildə tamamlayacaq.

– Süni intellektin fotoqrafiyaya təsirini necə qiymətləndirirsiniz? Ondan istifadə edirsinizmi?

– Süni intellekt fotoqrafiyanı köklü şəkildə dəyişəcək. Təəssüf ki, bu proses qaçılmazdır. Fotoqrafiya artıq yüz ildən çoxdur ki, yaşayır, lakin indi yeni bir mərhələyə qədəm qoyur. Məncə, sənədli, janr və portret fotoqrafiyası daha çox qalacaq, lakin ümumilikdə süni intellekt bu sahəyə güclü təsir göstərəcək. Bu gün insanlar rahatlığı və zamanı yüksək qiymətləndirirlər. Süni intellekt tətbiqi vasitəsilə portret yaratmaq fotoqrafa getməkdən daha asandır. Bu, həqiqətən də daha sadədir. Ancaq bununla yanaşı biz canlı ünsiyyəti, fotoqraf və model arasında göz təmasını itiririk. Biznes baxımından bu, sərfəli ola bilər, amma insanlıq baxımından yox.