Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanla bağlı qəbul etdiyi qətnamənin gürcü cəmiyyətinin gözündə heç bir dəyəri yoxdur və obyektiv qiymətləndirməyə əsaslanmır.
1xeber.media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze AŞPA-nın qətnaməsinə münasibət bildirərkən söyləyib.
“Əlbəttə, bu tipli qətnamə heç kəsi təəccübləndirmir, lakin Gürcüstan cəmiyyətinin nəzərində bu qətnamələrin heç bir dəyəri yoxdur. Əgər qətnamə obyektiv qiymətləndirmələrə əsaslanmazsa, onun Gürcüstan cəmiyyəti üçün heç bir dəyəri olmayacaq”, – deyə Kobaxidze vurğulayıb.
O, həmçinin AŞPA-nın fəaliyyətini faciəli adlandırıb və qeyd edib ki, Gürcüstan Assambleyasının sessiyalarında iştirakdan imtina etməklə onun işinə münasibətini bildirib.