Вернуться назад Распечатать

Ombudsman "Şuşa - Tarixi-mədəni irs" kitabının təqdimat mərasimində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilmiş professor Elçin Əhmədovun "Şuşa - Tarixi-mədəni irs" kitabının təqdimat mərasimində iştirak edib.

1xeber.media xəbər verir ki,tədbirdə çıxışı zamanı Müvəkkil Azərbaycanın və bütövlükdə türk dünyasının tarixində xüsusi yeri olan Şuşanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində işğaldan azad edildiyini bildirib. Ombudsman dövlət başçısının imzaladığı müvafiq Sərəncamla 2022-ci ilin “Şuşa İli” elan edilməsinin bu şəhərin xalqımız üçün daşıdığı tarixi və mənəvi dəyərin bariz göstəricisi olduğunu qeyd edib.
Səbinə Əliyeva postmüharibə dövründə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şuşada bərpa və yenidənqurma işlərinin uğurla həyata keçirildiyini söyləyib.
Müvəkkil, həmçinin vurğulayıb ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi bu şəhərin beynəlxalq səviyyədə daşıdığı əhəmiyyətin təsdiqidir.
Ombudsman professor Elçin Əhmədovun bu gün təqdimatı keçirilən “Şuşa – Tarixi Mədəni İrs” kitabında Şuşanın zəngin tarixi, strateji və mədəni əhəmiyyətinin elmi əsaslarla geniş işıqlandırıldığını diqqətə çatdırıb. O, kitabın Şuşa haqqında tarixi həqiqətlərin yerli və beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
Təqdimat mərasimindən sonra Ombudsman Səbinə Əliyeva sərgidə hazırlanmış stendlərlə tanış olub.