Вернуться назад Распечатать

Türkiyəni silkələyən foto - Keçmiş müttəfiqləri Ərdoğanla barışır?

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sessiyasının ilk iclası çərçivəsində çəkilən foto ölkənin siyasi gündəmini silkələyib.

Oktyabrın 1-də  çəkilən fotoda Prezident Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə səmimi söhbəti, xüsusilə DEM, İYİ, DEVA, Gələcək və Yenidən Rifah partiyalarının təmsilçiləri ilə eyni kadra düşməsi xüsusi diqqətç çəkib. Yayılan foto Ankarada “yeni siyasi mərhələ”nin başlanğıcı kimi şərh edilir.

1xeber.media  məlumatına görə, Ərdoğan həmin gün çıxışında ənənəvi olaraq müxalifətə sərt ittihamlar səsləndirməyib, “terrorçusuz Türkiyə” layihəsi və “milli birlik” çağırışları edib. Ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) yeni çağırışın ilk iclasını boykot edib.

Fotolarda xüsusilə diqqət çəkən məqam Ərdoğanın bir vaxtlar AK Partiyanın əsas beyin mərkəzi sayılan, sonradan ayrılaraq öz partiyalarını quran Əhməd Davutoğlu və Əli Babacanla eyni masa ətrafında səmimi söhbətidir. Hər iki siyasətçi son illər iqtidarı sərt tənqid etsə də, onların bu tədbirə dəvəti və prezidentlə səmimi görüntüləri “siyasi buzların əriməsi” kimi qiymətləndirilir.

Bəzi ekspertlər qeyd edir ki, Ərdoğan konstitusiya dəyişikliklərinə getmək istəyir, bunun üçün parlamentdə 360 səsə ehtiyac var. CHP-nin bu prosesi dəstəkləməyəcəyi məlumdur, buna görə də Ərdoğan keçmiş müttəfiqləri və bəzi müxalif qüvvələr vasitəsilə yeni konsensus yaratmağa çalışır.

Müşahidəçilər deyir ki, Davutoğlu və Babacan öz partiyalarının zəif seçki nəticələri fonunda yenidən hakim düşərgəyə yaxınlaşa bilərlər. “Onların formal olaraq AK Partiyaya qayıtması vacib deyil, əsas olan konstitusiya dəyişikliklərini dəstəkləmələridir.

AK Partiya təmsilçiləri hesab edir ki, Ərdoğan milli birlik mesajı verərək daxili həmrəyliyi gücləndirməyə çalışır. Bəzi mənbələrə görə, prezidentin məqsədi yalnız müxalifətlə dialoq qurmaq deyil, həm də konstitusiya islahatları və mümkün erkən seçkilər üçün geniş siyasi dəstək bazası formalaşdırmaqdır.

Siyasi analitiklər bildirirlər ki, 1 oktyabr fotosu təkcə daxili siyasət üçün deyil, həm də beynəlxalq auditoriya üçün “yeni dönəm”in siqnalıdır. Çünki Ərdoğan uzun illərdir 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilən Konstitusiyanı “antidemokratik miras” adlandırır və onun dəyişdirilməsinin vacibliyini vurğulayır. Müxalifət isə bu təşəbbüsləri “hakimiyyətin uzadılması cəhdi” kimi dəyərləndirir. Bununla belə, 1 oktyabrda çəkilən fotolar göstərir ki, Ərdoğan artıq keçmiş müttəfiqlərini və siyasi rəqiblərini eyni masa ətrafında toplaya bilib.

Ankaranın siyasi dəhlizlərində “Babacan və Davutoğlu AK Partiyaya qayıdırmı?” sualı getdikcə daha çox səslənir. Hətta Gələcək Partiyasının bir neçə keçmiş deputatlarının yaxın günlərdə AK Partiyaya keçəcəyi bildirilir. Gələcək Partiyası “bu kimi görüntülərin normallaşma prosesi çərçivəsində qiymətləndirilməli olduğunu” açıqlayıb, DEVA Partiyası isə “bir fincan çay içildiyi üçün mövqelərinin dəyişməyəcəyini” bildirib.

Rəsmi təsdiq olmasa da, müşahidəçilər bu yaxınlaşmanı “qayıdışdan çox, maraqların kəsişməsi” kimi qiymətləndirir.

modern.az