Вернуться назад Распечатать

İşğalçılardan azad edilmiş ilk şəhər olan Cəbrayıl şanlı Zəfərimizin müjdəçisi oldu

Vətən müharibəsinin ilk günündən başlayaraq rəşadətli Azərbaycan Ordusu Ermənistanın uzun illər ərzində qurduğu müdafiə xətlərini, istehkamlarını yarıb keçdi, torpaqlarımızı düşmən əsarətindən qurtardı. İşğalçılardan azad edilmiş ilk şəhər olan Cəbrayıl şanlı Zəfərimizin müjdəçisi oldu.

Bunu 1xeber.media-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.

Deputat bildirib ki, iyirmi yeddi il düşmən əsarətində olan Cəbrayılda atılan hər addımda erməni vandalizminin izlərinin şahidi oluruq. Tarixi-mədəniyyət abidələri, təhsil, səhiyyə ocaqları, yaşayış məntəqələri tamamilə dağıdılıb. Ağaclar kəsilib, yaşıllıqlar məhv edilib, məscidlərimiz, ibadətgahlarımız təhqirə məruz qalıb.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli sərkərdəliyi ilə qəhrəman əsgər və zabitlərimiz bütün torpaqlarımızı, o cümlədən Cəbrayılı azad etdi. Cəbrayıl əməliyyatı Vətən müharibəsinin gedişatında həlledici rola malik oldu və sonrakı uğurlu əks-hücumlar üçün yol açdı. Xüsusilə ordumuzun Xocavənd rayonunun cənubundakı kəndlər və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı”, - deyə Mircəlil Qasımlı qeyd edib.

Vətən müharibəsində Qələbədən dərhal sonra dövlətimizin başçısının Cəbrayıla səfər etdiyini xatırladan Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Prezidenti Cəbrayıl şəhərində və tarixi Xudafərin körpüsündə üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi anlar ədalətin bərqərar olduğunu, cəbrayıllıların 27 illik həsrətinə son qoyulduğunu, işğalçıların bədnam əməllərini bütün dünyaya çatdırdı.

Cəbrayılın artıq beş ildir inkişaf, dirçəliş və tərəqqi dövrünə qədəm qoyduğunu söyləyən deputat bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayılda da nəhəng işlər görülür. Dövlətimiz tərəfindən qabaqcıl təcrübələr, müasir şəhərsalma həlləri əsas götürülməklə Cəbrayıl şəhəri yenidən inşa olunur. Yaşayış binalarının tikintisi, sosial, yol-nəqliyyat infrastrukturunun yaradılması, iş yerlərinin açılması və digər istiqamətlərdə görülən işlər artıq keçmiş məcburi köçkünlərimizin bir hissəsinin öz doğma torpaqlarına qayıdışını təmin edib. Ötən il oktyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı oldu.

“Artıq Cəbrayıla həyat qayıdıb, doğma sakinlər öz doğma torpaqlarında firavan həyatlarını yaşayırlar. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunması üçün bütün işləri görür. Cəbrayıllılar isə Şəhər Gününü suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin vətəndaşları kimi böyük qürur və iftixar hissi ilə qeyd edirlər”, - deyə Mircəlil Qasımlı vurğulayıb.