Baş gizir Mahir Məmmədov Vətən müharibəsində Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. Qəhrəman döyüşçü 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.
1xeber.media xəbər verir ki, Mahir Ağasəlim oğlu Məmmədov 1981-ci il yanvarın 28-də Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olub. Ömrünün 17 ilini hərbçi kimi Vətənə xidmətə həsr edib.
Təcrübəli hərbçi 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.
Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və düşmənin hərbi obyektlərinin məhv edilməsi zamanı fəallıq göstərib. Mahir Məmmədov oktyabrın 7-də Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb.
“2003-cü ildən hərbçi kimi xidmət edirdi. Vətən müharibəsi başlayanda döyüşlərə qatıldı. Mahir ən yaxşı hərbi topoqraflardan biri idi. Müharibə vaxtı imkan olanda danışırdıq. Bizə hər şeyin yaxşı olduğunu bildirirdi. Anamı çox sevirdi. İstəmirdi o narahat olsun. Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı baş nahiyəsindən yaralanıb. Komaya düşüb. Bizim xəbərimiz yox idi. Sonra bildirdilər ki, hospitaldadır. Pandemiya dövrü idi, gedib görə də bilmədik. 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucaldı”, - deyə şəhidin qardaşı Habil Məmmədov söyləyib.