Вернуться назад Распечатать

Gediş haqqı artımına qarşı yeni mexanizm gündəmdə

Avtobus və metroda gediş haqqının artması hələ də müzakirə edilir. Ekspertlər düşünürlər ki, qərar ailə büdcəsinə, aylıq xərclərə ciddi təsir edir.

Sözügedən artım dörd nəfərlik ailəyə necə zərər vurur? Yaxud proses bir nəfər üçün neçəyə başa gəlir?

1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, bu məsələni iki istiqamətdə qiymətləndirmək olar:

“Birincisi, dörd nəfərlik ailədə ola bilər ki, bir nəfər işləsin, digərləri isə azyaşlı və ya əmək qabiliyyətsiz olsun. Bu zaman gediş haqqının artması ailələrin sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirir. Azərbaycanda əksər hallarda ailənin yalnız bir üzvü gəlir mənbəyidir. Belə şəraitdə əməkhaqqı və ya zəruri malların qiymətinin artması ailə büdcəsinə birbaşa mənfi təsir göstərir”.

İqtisadçı bildirib ki, gediş haqqının bahalaşması bir nəfər üçün ayda təxminən 25 manat, dörd nəfərlik ailə üçün isə 100 manat əlavə xərc yaradır:

“Gəlirlər artmadığı halda bu, ailə büdcəsinin balansını pozur. Nəqliyyat xərclərinin subsidiyalar və ya dotasiyalar hesabına kompensasiya edilməsi məqsədəuyğun olardı. Bir çox ölkələrdə, o cümlədən Türkiyə və Avropada, işəgötürənlər əməkdaşların ictimai nəqliyyat xərclərini qarşılayır, yaxud şəxsi avtomobili olanlara bir aylıq yanacaq məsrəfini ödəmək məqsədilə xüsusi kartlar təqdim olunur. Azərbaycanda da oxşar sistem tətbiq edilərsə, xüsusilə özəl sektorda çalışanların yükü azalar. Nəqliyyat xərclərinin artması həm əmək qabiliyyəti olmayan əhali, təqaüdçülər, tələbələr, şagirdlər, həm də işləyənlər üçün əlavə yük yaradır. Buna görə də dövlət və özəl sektor səviyyəsində dəstək mexanizmlərinin tətbiqi zəruridir”.