"Azərbaycan Tibb Universitetində son imtahan sessiyasında 956 tələbənin kəsilməsi təkcə statistik göstərici deyil, ali təhsil sistemində bir neçə dərin struktur probleminin əlamətidir".
1xeber.media xəbər verir ki,bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayının 6 dəfə azalması səbəblərindən danışarkən deyib.
Ekspertin fikirincə, bu hal həm qəbul mexanizmi, həm tədris prosesinin metodikası, həm də tələbə motivasiyası və nəzarət sisteminin keyfiyyəti ilə birbaşa əlaqədardır:
"Əgər 146 Prezident təqaüdçüsündən yalnız 22 nəfərin bu günədək təhsilini yüksək göstəricilərlə davam etdirə bilməsi faktı doğrudursa, deməli, problem tələbə seçimi ilə deyil, sistemin özündədir. Əvvəla, Tibb Universiteti ölkənin ən ağır və intellektual cəhətdən tələbkar ixtisaslarının toplandığı ali təhsil müəssisəsidir. Burada tədrisin intensivliyi, fənlərin çətinliyi və qiymətləndirmə meyarlarının sərtliyi təbii şəkildə yüksəkdir. Lakin kütləvi şəkildə kəsilmələrin baş verməsi təkcə tələbələrin hazırlıq səviyyəsi ilə izah oluna bilməz. Bu həm də tədrisin metodoloji və psixopedoqoji yanaşmalarında müasir standartların tam tətbiq olunmaması ilə bağlıdır. Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununun 13.2.7-ci maddəsində göstərilir ki, "ali təhsil müəssisələri tədrisin keyfiyyətini təmin edən daxili qiymətləndirmə sisteminə malik olmalı və bu sistem şəffaf, obyektiv və inkişaf yönümlü olmalıdır". Halbuki, bəzi universitetlərdə, o cümlədən Tibb Universitetində qiymətləndirmə bəzən daha çox "sınaqdan çıxarma” prinsipi ilə aparılır, inkişafyönümlü rəyvermə və fərdi dəstək mexanizmləri isə zəifdir. Əlavə olaraq, qəbul sistemində tətbiq edilən test mexanizmi tələbənin nəzəri biliklərini ölçür, lakin tibb kimi praktik bacarıq tələb edən sahələrdə bu metodun məhdudluğu açıq görünür”.
Ekspert əlavə edib ki, tələbə universitetə yüksək balla daxil olsa da, o bilikləri real klinik, praktiki mühitdə tətbiq etməkdə çətinlik çəkir:
"DİM-in statistikası göstərir ki, 2024-cü ildə tibb ixtisaslarına qəbul olanların orta balı 650-dən yuxarı olub, yəni bu tələbələr ölkənin ən hazırlıqlı gəncləridir. Lakin sistem onların potensialını inkişaf etdirmək əvəzinə çox vaxt "elmi yüklənmə” və "çətin keçidlər” altında əzir. Bu tədris metodikasının hələ də klassik – yəni 20 il əvvəlki modeldə qalmasının nəticəsidir. Dünya təcrübəsində tibbi təhsilin keyfiyyəti və tələbə davamlılığı probleminə fərqli yanaşma tətbiq olunur. Məsələn, Finlandiya və Almaniyada "formativ qiymətləndirmə” sistemi var: tələbə semestr boyu davamlı qiymətləndirilir, zəif tərəfləri erkən müəyyənləşdirilir və ona əlavə tədris, mentorluq, psixoloji və akademik dəstək verilir. ABŞ universitetlərində isə "academic advising” mexanizmi vasitəsilə hər tələbəyə fərdi akademik müşavir təyin olunur ki, o, tədris və stress idarəetməsi üzrə yönləndirmə edir. Bu sistemlərdə məqsəd tələbəni cəzalandırmaq deyil, öyrənməyə dəstək olmaqdır. Azərbaycanda isə bir çox hallarda imtahanlar nəticə yönümlü deyil, seleksiya vasitəsinə çevrilir”.
Ekspertin sözlərinə görə, Tibb Universitetində kəsilmə hallarının çoxluğu həm də tədris mühitinin psixoloji atmosferi ilə bağlıdır:
"Çoxsaylı tələbələr bildirir ki, dərslərdə motivasiya mexanizmləri zəifdir, müəllim-tələbə münasibətləri bəzən köhnə nizam-intizam modelinə əsaslanır. Halbuki "Ali təhsil haqqında” Qanunun 18-ci maddəsinə görə, ali məktəblərdə akademik mühit azadlıq, qarşılıqlı hörmət və şəffaflıq prinsipləri üzərində qurulmalıdır. Tədris prosesində bu prinsiplərin pozulması tələbə performansına birbaşa mənfi təsir göstərir". Bununla
Kamran Əsədov hesab edir ki, problemin kökü nə təkcə tələbədə, nə də yalnız müəllimdə deyil, sistemin özündədir:
"Azərbaycan Tibb Universiteti kimi strateji əhəmiyyətli ali məktəblərdə tədrisin metodologiyası yenilənməli, beynəlxalq tibbi təhsil modelləri ilə uyğunlaşdırılmalıdır. Məsələn, Böyük Britaniyanın "Problem-Based Learning” (PBL) metodu tələbəni mərkəzə çəkir, onu aktiv öyrənməyə təşviq edir, nəticədə passiv dinləyici deyil, düşünən və analiz edən həkim formalaşır. Bu metodun mərhələli tətbiqi Tibb Universitetində həm kəsilmə faizini azaldar, həm də tədrisin keyfiyyətini yüksəldər”.
Xatırladaq ki, Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayı 6 dəfə azalıb, ötən imtahan sessiyasında 956 nəfər isə kəsilib. Ən çox kəsr I kurs tələbələrində müşahidə olunub.