Bakıdan Rusiyaya yollanan Azərbaycan vətəndaşları bir neçə gündür Jukovski hava limanında saxlanılır.
1xeber.media “haqqin.az”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları oktyabrın 6-da Bakıdan Moskva vilayətinə yollanıblar və Jukovski aeroportunda yerə eniblər.
Sərnişinlərdən birinin sözlərinə görə, o və daha iki azərbaycanlı heç bir səbəb göstərilmədən hava limanının əməkdaşları tərəfindən saxlanılıb və terminalın ikinci mərtəbəsinə aparılıb.
Həmyerlilərimiz orada qapalı bir məkana yerləşdirilib. Onlarla birgə orada Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının da olduğu bildirilib. Bununla yanaşı, məkanın qapısının arxadan kilidli olduğu vurğulanıb.
Videomüraciət yayan sərnişinlərdən biri onların orada qida ilə təmin edilmədiyini deyib. Onlar Azərbaycan rəhbərliyindən məsələ ilə bağlı yardım istəyiblər.
Azərbaycanın Rusiyadakı Səfirliyi APA-ya bildirib ki, Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ səfirliyinin nəzarətindədir və hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.
Səfirlikdən o da qeyd olunub ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər: “Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”.