Вернуться назад Распечатать

Audiovizual Şuradan Baku TV-yə - Xəbərdarlıq

Audiovizual Şuranın növbəti iclası keçirilib.

1xeber.media xəbər verir ki, iclas zamanı bu kontekstdə “Baku TV” televiziya kanalının efirində 24 sentyabrda yayımlanan “Amin” proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunub.

Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən “...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir...” fikirləri səsləndirilib.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrı-seçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

İclas zamanı məsələ diqqətlə müzakirə edilib və yekdilliklə bu fikirlərin cinsi ayrı-seçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinib. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilib.

Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilib, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunub. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Audiovizual Şuranın üzvləri “Baku TV” kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.

Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.

Həmçinin qeyd olunub ki, bu il ərzində aparılmış monitorinqlər nəticəsində “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında “Space TV”, “Xəzər TV”, “ARB” kanallarına rəsmi xəbərdarlıq verilib. Bir dəfə “Space TV” kanalının yayımı 6 saatlıq, “Kanal S” kanalının yayımı isə 24 saatlıq dayandırılıb. Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.