Avtobus və metroda gediş haqqının artırılmasından sonra insanlar arasında maraqlı təkliflər səslənir. Bəziləri hesab edirlər ki, nazirlər və yüksək vəzifəli məmurlar xalqın gündəlik çətinliklərini anlamaq üçün ictimai nəqliyyatdan istifadə etməli, maaşları isə bu müddətdə müvəqqəti olaraq azaldılmalıdır. İlk baxışdan populist görünən bu ideya cəmiyyətdə ciddi suallar yaradır.
Bu, real ola bilərmi?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a a danışan hüquqşünas, iqtisadçı Əkrəm Həsənov qeyd edib ki, yüksək vəzifəli məmurların rəsmi maaşdan əlavə qeyri-rəsmi gəlirləri də var:
“Onların yalnız rəsmi əməkhaqqı ilə işləmədikləri hər kəsə məlumdur. Yəni maaşları azaldılsa da, gəlir yerləri qalacaq. Digər tərəfdən, “məmurlar ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər” təklifi praktik baxımdan da real deyil. Çünki təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Düşünürəm ki, əsas problem bu insanların xalqın vəziyyətindən xəbərsiz olması deyil. Əksinə, indiki nazirlərin çoxu vaxtilə xalq arasından çıxmış, ictimai nəqliyyatdan istifadə etmiş şəxslərdir”
İqtisadçının sözlərinə görə, ölkədə sosial vəziyyətin pisləşməsi daha çox iqtisadi amillərlə bağlıdır:
"Qiymət artımları kiminsə şəxsi istəyindən irəli gəlmir. Dövlətin maliyyə imkanları zəiflədikcə bu, qaçılmaz olur. Bununla belə, vəziyyəti yüngülləşdirmək üçün korrupsiya və inhisarçılığa qarşı ciddi tədbirlər görülməli, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinin qarşısı alınmalıdır. Yalnız bu halda sosial sabitliyə nail olmaq mümkündür”.
Ağ Partiya sədri Tural Abbaslı deyib ki, bir çox məmur zamanında ictimai nəqliyyat vasitələrindən istifadə edib:
“Hazırda özləri olmasa da, ailə üzvləri, qohumları və dostları arasında bundan yararlananlar var. Yəni vəziyyətlə bağlı onlar vasitəsilə maraqlanmaq mümkündür. Azərbaycanda yaşayıb xalqa bu qədər yad olmaq olmaz. Qiymət artımından sonra əhalinin maddi vəziyyətinin ağırlaşdığı barədə məmurların kifayət qədər məlumatı var. Problem məsuliyyət və bacarıq çatışmazlığındadır. Xalqa xidmət etmək əvəzinə, daha çox vəzifələrini qorumağı düşünürlər, yaxud büdcə və qiymət artımları kimi qərarlarla durumu ağırlaşdırırlar”.
Partiya sədri bildirib ki, məmurlar bir ay ictimai nəqliyyat vasitələrindən istifadə etsələr belə, problem aradan qalxmayacaq:
“Yaxud millətin dərdini anlayan deyillər. Çünki qısa müddətdən sonra yenidən əvvəlki rahatlıqlarına qayıdacaqlar. Doğrudan da xalqın vəziyyətindən xəbərsizdirlərsə, sosial şəbəkələrə, “YouTube” və ya “TikTok” platformalarına baxmaq kifayətdir ki, insanların gündəlik problemlərini görsünlər. Yüksək vəzifələr xalqa xidmət etməyi bacaran, peşəkar insanlara həvalə edilməlidir”.