Вернуться назад Распечатать

Qəzzada atəşkəs qüvvəyə mindi

İsraillə HƏMAS arasında razılaşdırılmış atəşkəs planının birinci mərhələsi Qəzzada qüvvəyə minib. Razılaşma çərçivəsində İsrail ordusu anklavın bəzi hissələrindən çıxmağa başlayıb.

1xeber.media  xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin məlumatında deyilir.

Bildirilib ki, atəşkəs razılaşmasını müzakirə etmək üçün Nazirlər Kabinetinin xüsusi iclası keçirilib. Nəticədə, Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət “Qəzzada müharibənin dayandırılması və bütün israilli məhbusların geri qaytarılması haqqında sazişi” təsdiqləyib.

İsrailin dövlət yayımçısı KAN xəbər verir ki, kabinet üzvlərinin əksəriyyəti sənədin lehinə səs verib. Bununla belə, beş nazir – o cümlədən milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç – sazişin əleyhinə çıxıb. Onların hamısının Ben-Qvir və Smotriçin rəhbərlik etdiyi ultra-sağ partiyaların nümayəndələri olduğu bildirilir.

İclasda ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni, keçmiş müşaviri Jared Kuşner də iştirak ediblər.

Atəşkəs planı beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Dünya liderləri razılaşmanı alqışlayaraq, bölgədə zorakılığın dayandırılmasını vacib addım kimi qiymətləndiriblər.